Share...
03 Dec 2012 14:36
ANA SƏHİFƏ 

Ermənidən hürkmək və ya bir mahnının milliyəti
/ Tarix 30 / 11 / 2012 Saat 17:53

18px16px14px12px

Günay

Uşaqların nə etdiyini, nə ilə oynadığını, nəyə maraq göstərdiyini müşahidə eləmək maraqlıdır. Amma həmişə yox... Uşaq oyunlarından aqressiya, kin, hətta... qan-qada yağır. Uşaq bağçasında, orta məktəblərdə bir çox hallarda vətənpərvərlik adı ilə uşaqlara qorxaqlıq aşılanır. Aşağı sinif şagirdləri və bağça uşaqları erməni xofu ilə böyüyür. Uşaqlarımız öz aralarında oyun oynayanda əzilən, məğlub tərəfə “bizimkilər”, döyən və qalib tərəfə isə “ermənilər” deyir. Bax, bu çox təhlükəlidir...

Başqa bir dəhşətli məqam isə müəllimlərin məktəbdə və bağçada səhnələşdirdikləri vətənpərvərlik “oyunlarıdır”. Məsələn, uşaqların ən ürəklisi erməninin ürəyini çıxarıb şəhid anasına hədiyyə edir. Bu səhnələr, “vətənşüvənlik” uşaqlara, gələcəyimizə nə verəcək? Özümüzü aldadırıq, yoxsa uşaqları?

Əlbəttə ki, məğlubiyyət, yaralı tərəf olmaq insanı incidir. Bunu uşağın, gələcək nəslin dilindən eşitmək isə daha çox adamı sıxır, gələcəyə ümidini azaldır.

Bağça yaşlı qızım “Evrovision” yarışmalarının video yazılarına baxır. Bir-bir ölkələrin adını soruşur. “Armenia” eşidən kimi noutbuku hikkə ilə bağlayır. “Qorxuram, onlar pisdir” deyir. Mən bu düşüncədə gələcək yetişdirmək istəmirəm! Qızımın qorxularına səbəbsə mən deyiləm. Vətənpərvərlik adı ilə qeyri-insanilik və qorxaqlıq sırıyan, yalnız adı pedaqoq olanlardır.

Ermənilər qorxulu deyil. Sumqayıtda, ermənilərlə bir yerdə böyüdüyüm üçün bunu arxayınlıqla deyə bilərəm. Ermənilərin də bizim kimi iki gözü, iki qulağı, bir ağzı var. Özlərini nə qaniçən, nə də qorxaq kimi təqdim edirlər. Onlar bildiyimiz, bilmədiyimiz məqsədlərlə daima bizim mətbuatı, musiqini izləyirlər. Buna sübut olaraq Publika.Az-ın “Könlüm keçir...” layihəsinin ilk buraxılışından sonra saytın dağıdılmasını göstərə bilərik. Bizdən fərqli olaraq onlar musiqidən, ədəbiyyatdan hürkmür. Əksinə, hamısını izləyib bəyəndiklərini necə lazımdırsa, özününküləşdirir. Bütün dünyaya buna görə də özlərini beynəlmiləl kimi təqdim edə biliblər.

Azərbaycanı mütəmadi nəzarətdə saxlamaqla, hər şeyini izləməklə ermənilər heç nə itirməyib. Əksinə, qazandıqları zaman və torpaqlar göz qabağındadır.

Musiqidən, ədəbiyyatdan, sənətdən qaçmaq, qorxmaq millətçilikdirmi? Musiqinin, ədəbiyyatın milliyyəti olmur. Yaradıcılığın dini-imanı olmur...

Ermənistanın Fransadakı ilk səfiri, Şarl Aznavur hələ də bütün dünyaya car çəkib deyir ki, ermənicə kəlmə də bilmir, onun yeganə bildiyi dil musiqi dilidir. Fransanı ermənilər illərdir, Şarl Aznavurun beynəlmiləl maskası ilə idarə edirlər. Ermənistan kimi təktərkibli ölkənin ermənicə bilməyən birini Fransaya, sonra da İsveçrəyə göndərmədiyi gün kimi aydındır. Konkret statistika göstərir ki, hər iki adı çəkilən ölkədə Şarl Aznavur səfir olduqdan sonra ermənilərin sayı sürətlə artıb. Eləcə də ermənilərə münasibət hər iki ölkədə həmişə yaxşı olub.

Ara Dinkjian özünü Türkiyə və Amerika bəstəkarı kimi təqdim edir. Az bilmir, Ara qətiyyən xam deyil. Əmindir ki, bu cür daha asanlıqla uğur qazanacaq. Ermənistanda heç kimə lazım olmadığı vaxt Türkiyədə sənət cameəsində, Amerikada isə universitetdə bu yolla asanlıqla dərs deyə biləcək. Bu minvalla da Türkiyə illərdir istəsə də, istəməsə də, Sezen Aksunun ifasında onun saysız-hesabsız mahnılarına qulaq asır.

Türkiyə hələ də Fazıl Say kimi bəstəkarını həzm edə bilmir. Səbəb isə Fazıl Sayın dinləyicilərinə milli, dini, irqi ayrı-seçkilik qoymamasıdır.

Biz mahiyyət etibarı ilə fərqli istedadı, düşüncəsi olanları erməni çıxarmağa həmişə hazırıq.

Yavuz Bingöl “Sarı gəlin”i ermənicə oxuduğu üçün azərbaycanlılar – öz həmyerliləri tərəfindən təhqir edilir. Məni yalnız bir sualın cavabı maraqlandırır: “Sarı gəlin”i ermənicə Yavuz Bingölmü yazıb?..

Kaş ki, gün ola, dövran dönə, göydən bizə zənbillə biri düşə. Sənətin, sənətkarın mahiyyətini tanıda, saxta vətənpərvərliyin elə də baş ucalığı gətirmədiyini bizə anlada.

Ara Dinkjiana, Şarl Aznavura, Şerrə qulaq asmaq günah deyil, əksinə, qulaq asmamaq günahdır. İddia etdiyimiz kimi vətənpərvər, torpaq qayğıkeşiyiksə, deməli, düşmənimizi tanımaq məcburiyyətindəyik...

İntellektinə, dünyagörüşünə, təhsilinə, hər şeyinə hörmət etdiyim dostlarıma Ara Dinkjianın bəstəsi olan “Yine mi güzeliz” mahnısı haqda danışıram. O mahnını qanımı içən, ömrümü kəsən də yazsa, yenə də qulaq asmaqdan imtina edə bilmərəm. Dostlarımın mahnıya reaksiyası 5 yaşlı qızımın qorxularından, hikkəsindən fərqlənmir. “Bu mahnını erməni yazıb, qulaq asa bilmərəm” - deyirlər. Necə olur ki, məktəb, bağça səhnələrində erməninin “başını kəsən”, “ürəyini çıxaran” xalqın intellektualı erməni mahnısından bu qədər hürkür? Erməni fobiyamız, erməni musiqisindən, ədəbiyyatından qorxu-hürkümüz nə zaman sınacaq? Bir mahnının qarşısında tab gətirə bilmiriksə, dözümsüzlük nümayiş etdiririksə, hansı beynəlxalq dəstəyə iddialı ola bilərik? Əgər beynəlxalq film festivallarında erməni filminə 5 dəqiqə qalmış zalı tərk ediriksə, hansı ingilisdən, almandan, fransızdan tolerantlıq, anlayış tələb edə bilərik? Bu aqressiyanın qarşısında kimə sübut edə bilərik ki, biz zərərçəkmiş tərəfik?

P.S “Yine mi güzeliz”, yenəmi aqressiv?..”

Xəbər 255 dəfə oxunub

Səhvlər barədə məlumat vermək



© 2012.PUBLIKA.AZ Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. . Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Şıxəliyev 20, m 10.
Tel: (+99412) 437 71 65, 437 71 68, 437 71 69
Fax: (+99412) 437 71 69
E-mail: info@publika.az