Share...
05 Feb 2012 19:22
 Mənim düşmən oyuncağım : "YazarKlub" Gənc e-dərgi



Mənim düşmən oyuncağım

08 Kasım 2011 Yazan  
Kateqoriya Drama, Ümumi
Oxunma sayı: 522

Şəbnəm Xeyrulla

(bir pərdəli monopyes)

İştirak edir:

Qız                    – 28-30 yaşlarında gənc bir qadın

 

 

 

 

Ev əşyaları kasad olan balaca bir otaq. Görünüşündən bir kimsənin burada yaşamadığı hiss olunur. Bəzi əşyaların üzərinə ağ örtük salınıb. Pərdə qalxan kimi otağa Qız daxil olur, maraqla otağı gəzməyə, örtükləri qaldırmağa başlayır. Örtüklərin altında balaca yazı masası, kiçik dolablar var.

 

Səhnə arxasından səs: – Qızım, hara belə? Bir azdan şam eləyəcəyik.

Qız: – Dayan, dayan, ana. Otağım üçün elə darıxmışam ki… Bir buralara doyunca baxım, sonra… (otaq boyu gəzişir) Mənim otağım. Beş ildir, gəlin köçmüşəm, amma hər dəfə öz evimizə gələndə otağıma keçmək, bir az burada qalmaq üçün ürəyim gedir. Deyim ki, bura mənim üçün, doğmadır, yox, elə deyil. Axı burada doğulmamışam, burada böyüməmişəm. Amma bəzi əşyalar doğulduğum yerdən xəbər verir, onları da o vaxt özümlə birlikdə gətirmişdim. İrəvandan. (bir az susur, sanki nəyi isə xatırlayır) Elə bilirsiniz, ancaq böyüklərin köçü olur? Bu cür düşünürsünüzsə, səhviniz var. Onda mənim səkkiz yaşım var idi. Çətin günlər olduğunu başa düşür, hamının ciddi-cəhdlə köçə hazırlaşdığını görürdüm. Mən də öz balaca məktəb çantama kitablarımı, rəngli karandaşlarımı, babamın köməkliyi ilə topladığım kəpənək kolleksiyasını və bir də sevimli oyuncağımı yığmışdım. (kövrəldiyi hiss olunur)

O vaxtdan çox evlər dəyişmişik, çox yerləri özümüzə yurd bilmişik. Mənim köçüm də mənim qədər yerlər gəzib. Ərə gedəndə də hamısını özümlə apardım, oyuncağımdan savayı… (Otaqdakı dolablardan birini açır, hiss olunur ki, nəyi isə axtarır.) O burada olmalıdır. (Nəhayət, tapır. Əlində çox nimdaş, qulaqları qoparılmış “ayı” oyuncağı var.) Mənim oyuncağım… Uşaqlığımdan, doğma yurdumdan qalan ən əziz xatirə, ən şirin nişanə. (Oyuncağı bağrına basır. Sonra gözləri yaşarmış halda tamaşaçılara danışır.) Bu oyuncaq mən dünyaya gəldiyim günlərdə, Moskvada, məhz mənim adıma alınıb. Mən 1980-ci ildənəm. Həmin il Moskvada Olimpiada idi. Atam əsl idman həvəskarı kimi Moskvaya, yarışları canlı izləməyə gedibmiş. Həvəskar deyəndə ki, atamın elə sənəti də idmançı idi, məktəbimizdə idman müəllimi kimi çalışırdı. (yenə nə isə xatırlayırmış kimi) Deyirlər ki, o Moskvada olan vaxt mən dünyaya gəlmişəm. Teleqramla xəbər çatdırıblar ki, qızın olub. (gülümsəyir) Dediyinə görə, ilk etdiyi iş mənim üçün bu “Mişa”nı almaq olub.

Ağlım kəsəni, mənim çox oyuncaqlarım olub. Amma bu oyuncaq nədənsə həmişə xüsusi olub. Bilmirəm, ilk oyuncağım olduğunu bildiyim üçünmü, Moskvadan alınıb deyib onunla başqalarının yanında lovğana bildiyim üçünmü, ya nə isə, bu balaca “ayı”nı bütün oyuncaqlarımdan çox sevmişəm.

(Əli ilə oyuncağı sığallayır, sonra isə məhz ona xitabən danışmağa başlayır.) Mənim balaca ayım… O vaxt hamı sənə “Mişa” deyərdi. Dəcəllik edib sağ qulağını qopartdığım vaxta qədər bu belə idi. Sənin sonrakı adın da məhz bu əməlimdən sonra qoyuldu. (yenə nəyi isə yadına salır)  Bir dəfə dayım bizə qonaq gəlmişdi. Məni bir küncə çəkilib səninlə oynayan görəndə əlimdəkinin nə olduğunu soruşdu. Mən də “bu mənim “Mişa”mdır” dedim. Dayım sənin qulaqsız olduğunu görəndə güldü, dedi ki, “Mişa bu günə niyə düşüb?” Sonra da atama dedi ki, “ay Rizvan, sən Moskvada çox olmusan, bir mənə de görüm, heç tayqulaq Mişa görmüsən?” Atam da gülüb dedi ki, “bu şeytanın əlinə düşəndə Mişa tayqulaq da olar, tayqıç da.” (gülür) Hə, düz deyirdi, əlimə nə keçirdisə, əməlli-başlı qurdalamasam, açıb-tökməsəm, olmazdı. Yazıq oyuncağım, sən də mənim qurbanlarımdan olmuşdun.

Hə, dayım atama göz vurub soruşdu ki, bəs tayqulaq kim olub? Atam dayımın sualını qulaqardına vurub gülə-gülə yanımızdan uzaqlaşdı. Məni isə maraq bürüdü. Dayımdan “tayqulaq” haqqında soruşmağa başladım. Beş yaşlı uşaq marağı… Dayım təklif elədi ki, daha oyuncağımı “Mişa” deyil, “Andranik” adlandırım. Mən də dayımla razılaşdım. Doğrusu, ad mənə maraqlı görünmüşdü. Dayımdan “Andranik”in kim olduğunu soruşdum. Cavab vermək istəyirdi ki, anam söhbətimizə qarışdı. “Uşağın başını boş-boş söhbətlərlə doldurma” deyib dayıma mane oldu. Mən isə Andranikin kim olduğunu bilməyə-bilməyə öz oyuncağımı belə çağırmağa başladım.
Hiss edirdim ki, mənim oyuncağımı belə çağırmağım dayımın xoşuna gəlir. Amma anam hər dəfə dilimdən bu sözü eşidəndə mənə acıqlandı, qadağa qoymaq istədi. Alınmadı… Bircə, belə razılığa gəldik ki, erməni uşaqlarının yanında bu adı çəkməyəcəyəm. Razılaşmışdım, səbəbini anlamaya-anlamaya.

Ümumiyyətlə, anam o vaxt məndən o qədər şeyi gizlədərdi ki… İndi də bilmirəm, buna görə onu qınayım, ya minnətdar olum. Yadımdadır, aprel ayının müəyyən günlərində bizi evdən bayıra çıxmağa qoymazdı. Deyərdi ki, həmin gün erməni qonşularımız bizi görməsə, daha yaxşıdır. Onların dediyi “düşmən türk”, “türk qanı axıtmaq” kimi ifadələri də nə mən anlayardım, nə də anam başa salardı. Çox sonralar bilmişəm ki, həmin gün onların özlərindən uydurduqları “soyqırım” günü imiş. Və o gündə bizimkilərin qanını axıtmaq kimi adətləri var imiş.

Hətta bu əhvalatlar – bizə qarşı münasibətin kəskin pisləşməsi başlayanda da anam mənim və qardaşımın nə isə bilməsini istəmədi. Yaxşı yadımdadır, qonşu qızı və sinif yoldaşım olan bir erməni o vaxt “nə vaxt rədd olub gedəcəksən” deyib məni itələmişdi. Yerə yıxılıb ayağımı qanatmışdım. Evə ağlaya-ağlaya gəlib anama o qızdan şikayət edən vaxtda da anam qızın hərəkətinə cürbəcür bəhanələr axtarmağa başlamışdı. Gah deyirdi ki, yəqin mən o qızın xətrinə dəymişəm, gah da yəqin qız əsəbi olub, nə dediyini bilməyib, nə bilim nə… Bircə dəfə də demədi ki, onlar bizə düşmən gözü ilə baxırlar, bircə dəfə də. Biz öz evimizdən qovulanda da mən nə baş verdiyini başa düşmürdüm. Hələ son vaxtlar ərzində mənimlə oynamayan, danışmayan qonşu erməni uşaqları ilə vidalaşmaq da istəmişdim. “Vaxtı deyil” deyib imkan verməmişdilər.

Səhnə arxasından səs: – Ay qız, o otaqda nə görmüsən axı? İndi də divarlarla danışırsan?

Qız: – (oyuncağı gizlədirmiş kimi bağrına basır, daha uca səslə deyir) Heç, ay ana, köhnə əşyalarıma baxıram. Bəlkə bir-ikisini uşaqlar üçün götürdüm. (Sonra yenə üzünü tamaşaçılara sarı tutur) İrəvandan köçümüz asan başa gəlmədi. Dağ cüssəli, idmançı atam elə qərarlaşdığımız ilk sığınacaqların birində infarktdan dünyasını dəyişdi. (ağlaya-ağlaya) Evsizliyə, yurdsuzluğa öyrəşə bilmirdi. Oradan köçdüyümüz heç bir il deyildi, məskunlaşdığımız vaqon evdə məndən kiçik qardaşım səbəbini anlamadığımız xəstəlikdən tələf oldu. Oyuncağıma “Andranik” adını vermiş dayım isə Qarabağda andraniklərlə döyüşdə şəhid oldu. Bu həyatda tək qaldıq: anam və mən… Hə, bir də mənim oyuncağım – “Andranik”.

Həmin ağrılı günlərin birində öz çantamı açıb oyuncağımı çıxarmışdım. Elə şirin-şirin “Andranik” deyib onu əzizlədiyim bir vaxtda anam məni gördü. Hələ indiyə qədər anamı o vaxtkı halında bir də görməmişəm. Əlimdən oyuncağımı alıb “Onu öldürəcəyəm” deyib bağırırdı. Mən isə öz oyuncağımı onun əlindən almaq istəyir, “atamın hədiyyəsidir, ona dəymə” deyib ağlayırdım. Bizim səsimizə köhnə qatarın vaqonlarında məskunlaşmış bütün qaçqınlar yığılmışdı. Heç kim nə baş verdiyini anlamırdı. Anamın hayqırtısı, mənim hıçqırtım… Ortada isə bir oyuncaq – anam bir tərəfindən yapışmışdı, mən bir tərəfdən. O an elə bilmişdim ki, anam dəli olub. Qəribə, anlaşılmaz sözlər deyirdi: “Mənim balamı, ərimi bu öldürdü, bu Andranik. Mən də onu öldürəcəyəm. Evimi əlimdən alan Andraniki dünya üzünə həsrət qoyacağam.” İndi də o sözlər yadıma düşəndə tüklərim biz-biz durur. O vaxt isə bir şey istəyirdim: oyuncağımı xilas etmək. Etdim də. Amma salamat qalmış tək  qulağı anamın əli ilə qopdu…

O vaxtdan anamın qorxusundan bir də bu oyuncağı əlimə almadım. Amma heç  atmadım da. Hara getsək, hara köçsək də, o mənim çantamda oldu.

Çox sonralar mən Andranikin kim olması haqqında da öyrəndim, bizim bu vəziyyətə düşməyimiz haqqında da. Oyuncağıma nifrət etmək istədim. Alınmadı. Özümə təsəlli verdim ki, axı indi onun hər iki qulağı yoxdur, deməli, daha “Andranik” də deyil. Sən demə, Andranik ermənilərin qəhrəmanı, general imiş. Osmanlı ordusunda xidmət etdiyi vaxt etdiyi xəyanətə görə türklər onu sağ qulağının kəsilməsi ilə cəzalandırmışlar. Bu hadisənin qisasını isə o, 1918-ci ildə törədilən qırğınlarda bizim soydaşlarımıza qarşı eləmiş, onları vəhşicəsinə öldürəndən sonra qulaqlarını kəsibmiş. (ah çəkir)

Çox istərdim ki, övladlarım da mənim uşaqlığımın, doğma yurdumun nişanəsi olan bu oyuncağı tanısınlar. (susur) Amma onlara bu haqda danışmaqdan da qorxuram. Birdən onlar da “Andranik”in kimliyi haqqında soruşsalar? Görəsən, indidən onlara düşmən haqqında danışmaq olar? Axı onlar hələ balacadır. Yoxsa, mən də anam kimi hər şeyi gizlədim? (oyuncağı gah yerinə qoymaq istəyir, gah da özü ilə götürmək)

Səhnə arxasından səs: – Nə oldu, ay qız, uşaqlara aparmağa bir şey tapa bildin?

Qız: – (Elə bil uzunmüddətli tərəddüddən canını qurtarır. Oyuncağı öz yerinə qoyur. Uca səslə) Yox, ay ana, heç nə tapmadım. Buradakı şeylər onlar üçün deyil. Qoy, necə var, elə də qalsınlar.

 

Pərdə

 

Çap Et
  • Print
  • email
Enter Google AdSense Code Here

Şərhlər



Şərhlərinizdə şəkillərinizin görünməsi üçün, gravatar a abunə olun!