Share...
05 Feb 2012 19:20
Saat Yükleniyor...
ŞƏBNƏM XEYRULLA:“ŞPİON”
Tarih : 2011.11.24  11:12:54
“ŞPİON”


-  Gəl, yenə oynayaq.

- Yenə “Erməni-əsgər” ?

-  Hə. Ən maraqlısı elə odur.

- Yaxşı. Amma bu dəfə “əsgər” mən olacam. Axı nə qədər “erməni” olmaq olar e…

-  Necə yəni sən olacaqsan? Sənin neçə yaşın var?

-  Dörd olacaq.

-  Mənim isə altı. Ona görə də mən “əsgər” olmalıyam.

-  Niyə e…?

-  Ona görə ki, “əsgər” həmişə “erməni”dən böyük olmalıdır.

Bu haqlı iraddan sonra balaca Natiqin “erməni” olmaqdan başqa çıxış yolu qalmadı. Öz oyuncaq avtomatını götürüb səssiz-səmirsiz “döyüş meydanı”nın özünə aid hissəsinə qayıtdı.

Dövrün bütün uşaqları kimi Səbinə ilə Natiqin də sevimli oyunu müharibə oyunları – uşaqların dili ilə desək, “Erməni-əsgər” idi. Səbəbi, yəqin ki, bu oyunun reallığa daha yaxın olması idi. Əlbəttə, bu uşaqlar hələ heç bir həqiqət, reallıq anlamırdılar. Lakin necə deyərlər, “aşıq gördüyün çağırar”. “Erməni-əsgər” bu balacaların həyatına televizordan, böyüklərin danışıqlarından yol açıb, çox dərin kök salmışdı və hələ onlar dərk etmirdilər ki, bu oyun onlar böyüdükcə böyüyəcək, kim bilir, bəlkə də təsiri azalacaq, lakin heç zaman yox olmayacaq, onları tərk etməyəcəkdir. Bu dünyadan bixəbər uşaqların təxəyyüllərinin məhsulu olan oyunun elə də xüsusi bir qaydası yox idi. Uşaqların təbirincə “əsgər” yalnız “bizimkilər” ola bilər, onlar yaşıl geyimli, mehriban, cəsur, heç kimdən qorxmayan insanlardır. “Erməni” isə elə ermənidir, uşaqlara görə o heç vaxt əsgər ola bilməz. Ermənilər uşaqların təsəvvüründə uzun saçlı, saqqallı, vəhşi kimi canlanırdı.

Dörd yaşlı Natiq bu görünüşdən tamamilə fərqlənsə də, “erməni“ olmağa məcbur idi. “Erməni “ olmaq onu bezdirsə də, bu oyundan nə bezir, nə yorulurdu. Bəlkə də ona görə ki, bu balacaların baxdığı hər hərbi veriliş, reportaj onların sevimli oyununa yeni detallar, çalarlar əlavə edirdi. Baxmayaraq ki, bu oyunun həmişə eyni olan sonluğu var idi: “Əsgərin” qələbəsi!

Budur, oyunun -  döyüşün ən qızğın vaxtıdır. “Erməni “ “səngərdə” – çarpayının arxasında gizlənib. O bilir ki, indilərdə güllələnib öldürüləcək və bununla da “döyüş” bitəcək. “Döyüş”ü – bu maraqlı oyunu mümkün qədər uzatmaq üçün Natiq çarpayının arxasından çıxmamağa çalışır. “Əsgər” Səbinə isə özünə tam arxayındır. O heç nədən qorxmadan, gizlənmədən əlindəki avtomatla qardaşının gizləndiyi yerə yaxınlaşır. Natiq bunu görüb başını qaldırmadan avtomatı Səbinəyə tuşlayır və atəş açmağa başlayır.

- Səbinə, sən öldün!

- Yox, mən ölməmişəm. Mənə güllə dəyməyib.

- Yox, mən səni vururam. Onda, heç olmasa, yaralan da…

- Mən heç yaralanmıram da. Mənim əynimdə “bronjilet” var.

- Onda mən sənin başını nişan alacağam. Bax belə, part-part…

- Mənim başımda da “kaska” var. Sənin güllələrinin mənə heç bir təsiri yoxdur.

- Hanı kaskan? Heç olmasa, başına bir papaq qoyardın.

- Nə demək istəyirsən? Deyirsən, əsgər ölsün?

Natiq bu haqlı iraddan tutuldu. Bacısının bu cığallığı əslində çox ədalətli idi axı.

Əsgər heç ölə bilər? Bəs Natiq özü? Yəni o heç vaxt qalib gəlməyəcək? Nə qədər ki, “erməni”dir, əlbəttə ki, yox. “Vətənpərvərlik”, “Millətsevərlik” məfhumlarının nə olduğunu dərk etməyən bu balaca bilmirdi ki, indi onun qəlbində bu hisslər fərdiçiliyə qalib gəlir.

- Part-part-part ! Sən öldün, Natiq! “Əsgər” qələbə çaldı. Ura!

Marş irəli, marş irəli!

Azərbaycan əsgəri!

İndicə məğlubiyyət yaşamış Natiq heç bir şey olmamış kimi bacısına qoşulub marş  oxumağa başladı. Bu marş uşaqların ən sevimli mahnısı idi. Həm Səbinə, həm də Natiq “Cücələrim”, “Kukla” kimi uşaq mahnılarından fərqli olaraq, bu marşın sözlərini əzbər bilirdilər.

Qapının döyülməsi onların mahnısını yarımçıq kəsdi. Deyəsən, qonaqları gəlmişdi. Hər ikisi otaqdan boylandı. Yanılmamışdılar, qonaqları qonşu Aliyə xala idi. Uşaqlar Aliyə xalanın gəlişinə həmişə sevinirdilər. Çox mehriban olan bu xala heç vaxt Səbinə ilə Natiqi unutmaz, onlar üçün şirniyyat gətirərdi. Yəqin ki, bu gün də istisna deyildi. Uşaqlar bilirdilər ki, Aliyə xala böyüklərlə görüşəndən, hər kəsin əhvalını soruşandan sonra uşaqları yanına çağıracaq. O vaxta qədər isə hələ bir dəfə də “Erməni – əsgər” oynamaq olardı.

- Natiq, ona qədər sayıram. Tez səngərə get! Bir, iki, üç, dörd…

- Mən hazıram. Sən də gizlən də.

- Mən niyə? Mən “əsgər”əm. “Əsgər” “erməni”dən qorxmur. Ona görə də gizlənmirəm.

Bilirsən mən indi neyləyəcəyəm?

- Nə?

- Bir dənə qumbara atacağam və sən öləcəksən.

- “Natiq, Səbinə, bura gəlin!”, analarının səsi idi, onları mətbəxə, öz yanına çağırırdı.

Oyunu yarımçıq saxlamaq ürəklərindən olmasa da, qaça-qaça mətbəxə keçdilər. Anaları qonaq üçün çay hazırlayırdı. Uşaqların onun nə deyəcəyini gözlədiyini görüb əl saxladı, üzünü Səbinə ilə Natiqə tutub kimsə duymasın deyə çox asta səslə danışmağa başladı:

- Uşaqlar, görürsünüz ki, qonağımız var. Xahiş edirəm, qonağın yanında o müharibə oyununu oynamayın. Oldu?

Analarından heç vaxt belə xahiş eşitmədiklərindənmi, yoxsa onun səsindəki ciddiliyi duyduqlarındanmı, bəlkə də analarının nə isə vacib bir sirrə malik olduğunu anladıqları üçün uşaqlar təəccüblə bir-birinə baxdılar.

- Niyə, ana? Səsimiz çox bərkdən gəlir? Qonağa mane oluruq? – bunu Səbinə soruşdu.

- Yox, qızım, səsiniz elə də bərk gəlmir, amma eşidilir. Bilirsiniz, sizə bir söz deməliyəm. Sizin bu oyununuz Aliyə xalanın qəlbinə dəyə bilər.

Uşaqlar bir şey başa düşmürdülər. Axı Aliyə xala niyə onların oyunundan incisin. Səbinə heyrətlə anasından soruşdu:

- Axı niyə e…?

- Çünki Aliyə xala ermənidir. Sizin oyununuz, qışqırıqlarınız…

Uşaqlar daha heç nə eşitmirdilər. Eşitdikləri xəbərin ağırlığından balacaların simasına anlaşılmaz bir ifadə çökdü. Bu ifadəni anlaşılmaz edən təəccüb, qorxu, inamsızlıq, nifrət və təəssüfün eyni bir anda özünü büruzə verməsi idi. Səbinə ilə Natiqə elə gəlirdi ki, anaları nəyi isə səhv salır. Axı uzun saçları, saqqalı, olan vəhşi erməni hara, bu uşaqları çox sevən, mehriban, üzügülər qonşuları Aliyə xala hara? Aliyə xalanın uşaqlara, ümumiyyətlə bu ailəyə olan xoş münasibəti indi uşaqların ona ittihamla deyil, bəraətlə yanaşmasına səbəb ola bilərdi. Səbinə də, Natiq də bunu çox istəyirdilər və hətta Aliyə xalaya bəraət qazandırmağa çalışırdılar da. Məsələn, Səbinənin ağlına belə bir fikir gəldi ki, yəqin ermənilərin yalnız kişiləri vəhşi olur, qadınları isə yalnız Aliyə xala kimidir. Axı həqiqətən də, erməni deyəndə, onun gözləri önünə yalnız saqqallı vəhşilər gəlmiş, heç vaxt erməni qadınlarının necəliyi haqqında fikirləşməmişdi. Bəlkə qadınlar erməni olmur, heç! Amma, yox, anası çox aydın şəkildə dedi: “Aliyə xala ermənidir!”

Səbinə anasının sözlərini xatırlayıb, indicə ağlına gəlmiş bütün fikirləri rədd edirdi: “Erməni vəhşidir, bizim düşmənimizdir. Elə Aliyə xala da.”

Bu qəti qərarı verən anda anası içində çayla dolu olan armudu stəkanlar və şirniyyatlar olan məcməyi ilə mətbəxdən çıxdı. Uşaqlar heyrətlə bir-birinin üzünə baxıb nəyi isə anlamağa çalışırdılar. Natiq alçaq səslə, qorxa-qorxa pıçıldadı:

- Bəs ana bilmir ki, ermənilər bizim düşmənimizdir?

- Bilir, – Səbinə sanki anasının bu hərəkəti üçün utanır kimi başını aşağı saldı.

- Səbinə, niyə onu evimizə buraxırlar ?

- Bilmirəm, Natiq, bilmirəm.

- Bəs niyə ana onun üçün çay aparır?

- Başa düşmürəm.

- Səbinə, erməni onun kimi olur ki?

- Yəqin.

Natiq bacısının qeyri-müəyyən cavablarından çox məyus oldu. Axı o elə bilirdi ki, özündən iki yaş böyük bacısı çox şeydən xəbərdardır. Natiq yenə də nə isə soruşmaq istəyirdi ki, qonaq otağından Aliyə xalanın səsi gəldi:

- Uşaqlar, bura gəlin. Görün, sizin üçün nə gətirmişəm.

Uşaqlar çaşqınlıqla bir-birinin üzünə baxıb nə edəcəklərinə qərar vermək istəyirdilər. Hər ikisinin gözündən çox aydın bir ifadə oxunurdu: Getməyəcəyəm!

Aliyə xala bir də uşaqları səslədi. Bu dəfə Səbinə qətiyyətlə dedi:

- Mən onun yanına getməyəcəyəm!

- Mən də, – deyə Natiq bacısına qoşuldu.

- Bilirsən, Natiq, heç onun gətirdiyi şokaladları da yemərik.

- Əlbəttə, – Natiq də bacısının təklifinə razılıq verdi.

Deyəsən anaları uşaqların qonaq otağına keçməməsinin səbəbini başa düşmüşdü. Ona görə də uşaqların utancaqlığını bəhanə edib üzrxahlıq elədi.

İndi uşaqlar qonaq otağına gizlin-gizlin boylanır, Aliyə xalanın hərəkətlərini izləyirdilər. Onlar pıçıltı ilə danışır və danışıqlarında indiyə qədər mehribancasına dedikləri “Aliyə xala” sözü əvəzinə “o” və ya “erməni” kəlmələrini işlədirdilər. Birdən Səbinə bütün suallarını cavabını tapmış kimi qışqırdı:

- Mən bildim, Natiq, mən bildim.

- Bir az yavaş, – deyə Natiq astadan dilləndi.

- Bilirsən o, niyə belədir?,- bu dəfə səsinin tonunu aşağı saldı.

- Niyə?

- Çünki o “şpion”dur.

- Kimdir?

- “Şpion” da. Özünü belə mehriban göstərir, bizə konfet götürür, sonra da əsgərlərimizin sirrini öyrənib ermənilərə çatdıracaq.

Deyəsən bu fikir Natiqin də ağlına batdı.

- Düzdür, düz deyirsən, bacı. Bəs bunu nənə, baba, ata, ana, heç kim başa düşmür?

- Yəqin, yox. Gərək onlara da bunu deyək.

Televizorda “Xəbərçi” proqramı başladı. Evdəkilər susub diqqətlə diktorun nə deyəcəyini gözləyirdilər. Gəldikləri nəticədən çox məmnun görünən uşaqlar da danışıqlarını kəsdilər. Onlara belə öyrətmişdilər : “Xəbərçi” başlayan kimi sakit olmalı idilər. Axı həm də bu verilişdə uşaqları maraqlandıran məqam da var idi : Müharibə xəbərləri! Proqram elə bu xəbərlə də başladı. Diktor dörd əsgərimizin şəhid olduğu haqqında məlumat verdi. Düşmən tərəf də itki vermişdi.

Xəbərə qonaqlarının reaksiyası uşaqlar üçün çox maraqlı idi. Bu reaksiya özünü çox gözlətmədi. Aliyə xala xəbəri eşidən kimi, məyus oldu, soydaşlarına qarğışlar yağdırdı, onları nankor, yaxşılıq bilməyən adlandırdı.

Uşaqlar daha təəccüblənmirdilər. Çünki onlar əmin idilər ki, o “şpion”dur və “şpion” məhz belə danışmalıdır.

Nə Natiq, nə də Səbinə bilmirdilər ki, bu “şpion” ölkələrində yaşayan minlərlə ermənidən yalnız biridir. Uşaqlar həm də bu erməninin illər öncə dinini, daha sonra adını belə dəyişdiyindən də xəbərsiz idilər. Qorxudanmı etmişdi bunu, ya öz millətindən həqiqətən də imtina etmişdi – bunu heç böyüklər belə bilmirdilər. Çünki, nə etməli ki, bu erməni bircə şeyi bacarmırdı – milliyyətini, damarlarında axan bədnam qanı dəyişməyi. Bu bacarıqsızlığından hətta utanan Aliyə xalanın bircə çıxış yolu qalmışdı ki, o da, hər yerdə imkan düşdükcə soydaşlarını söyüb, onlara qarğış etmək idi. Ürəyində isə ona əzab verən bir şübhə hökm sürürdü :

- Birdən mənə inanmazlar. Bəlkə məni “şpion” hesab edərlər…

* * * * *

- Bacı, gəl oynayaq.

- İstəmirəm.

-  “Erməni-əsgər” oynayarıq.

- Dedim ki, istəmirəm.

- Niyə?

- O, maraqsız oyundur.

- Bəs bayaq oynayırdıq.

- Daha oynamayacağam.

-  Qorxursan ki, uduzarsan?

- Hə.

-  Qorxma, mən səni vurmayacağam. Axı sən əsgərsən. “Əsgər” heç vaxt ölmür!

- Yox, daha öləcək.

-  Niyə ki?

-  Çünki indi “şpion” var. O “əsgərlərin” bütün sirlərini “ermənilərə” çatdırıb. “Əsgər“ uduzacaq…

 

2008

ŞƏBNƏM XEYRULLA

Etiketler: SEBNEM HAYRULLAH
Bu haber toplam 591 defa okunmuştur
Sosyal Ağlar :
Yazarlar




NACİ YENGİN
KENTİ UYKUSUNDAN UYANDIRANLAR
FARİZ KHALİLLİ
Tariximizdə kimlik problemi
Kentİ uykusundan uyandiranlar
Naci Yengin. Bazen farkında olmadan gider oturur bazen de gitmek için sözleşiriz dostlarımızla.
YENİ ANAYASA HAKKINDA BİLGİ SAHİBİ MİYİZ?
EVET
HAYIR
BİRAZ
  
http://www.tarihistan.org   |
|
|
|
Sitemizdeki yazı , resim ve haberlerin her hakkı saklıdır.
İzinsiz veya kaynak gösterilemeden kullanılamaz.
© 2011 Destek ve Hosting Hizmeti:TURGUTLUWEB tarafından yapılmaktadır.