Share...
13 Apr 2012 12:09
Lent.Az|   




Köşə
Müharibənin filmlərdə göstərildiyi zamanlarda...

Vüsalə MƏMMƏDOVA

Suyumuzun axar, gülümüzün açar vaxtları idi...

Babam qırmızı rəngdə böyük Azərbaycan Sovet Ensiklopediyasını hər gün vərəqləyir, əmim şüar adlı qırmızı rəngli böyük parçaları tez-tez ütülədirdi...

120 manat insanları 31 gün xoşbəxt edə bildiyi zamanlar idi.

Evimizə işıq pulu çeki yox, montyor özü gəlirdi... sayğacın qayğısına özü qalırdı....

Müharibəni, aclığı, kasıbı- ümumiyyətlə, bütün ürək sıxan şeyləri kinoda göstərirdilər...

Ağır çəkili, 4 yaşlı məktəbli idim... 7 yaşlı uşaqlarla bir sinifdə oxuyurdum. Partaya güclə çıxıb-düşürdüm...

Əvvəlcə dabanlarımı qaldırıb bir təhər oturacağın ucunda oturur, sonra yavaş-yavaş arxaya dartınıb, bir neçə dəfə yerimdə qurcalanandan sonra yerimi rahatlayırdım. Mənə elə gəlirdi ki, ayağımın yerə çatmadığını sinifdə məndən başqa heç kim bilmir...

O vaxtlar ən böyük problemim, yox... O vaxtlar hələ problemin nə olduğunu bilmirdik, ən arzuolunmaz hal o idi ki, mən partaya tam yerləşib yerimi rahatlayan kimi müəllimə Lenin babadan danışmağa başlayırdı...

Uşaqlar şappıltı ilə ayağa qalxırdı. Mən isə bu vacib əməli vicdanla, amma mövcud imkanlarım daxilində bir neçə dəqiqəyə yerinə yetirirdim. Artıq hamı ayaq üstədir, mən hələ iki əlimlə stuldan tutub aşağı sürüşürəm, barmaqlarımın ucunu yerə çatdırandan sonrası asan idi, əllərimlə partadan yapışıb yerə düşürdüm.

Amma elə düşürdüm ki, elə o böyük uşaqların şappıltı ilə ayağı qalxması kimi. Bir neçə yaş kiçik olmağım mənə Vladimir İliçə qarşı hörmətsizlik etməyə və sovet uşağı olmaq səadətini dadmamağa haqq vermirdi. Bir neçə saniyədən sonra yenə o müsibətlə otururdum...

O vaxtdan yaddaşımda az-maz şeylər qalsa da hər gün etdiyim duanı hələ də əzbər bilirəm: “Ay Allah, noolar, bu dəfə Lenin babanın adını çəkməsin”...

Bir neçə nağıl da bilirdim: Qardaşların ipini kəsib quyuya saldığı Məlikməmməd, quldurların varidatın az-az oğurlayıb evinə gətirən Əlibaba, hamıya kələk gələn çoxbilmiş keçəl...

Cəmi iki bacım olduğunu dərk etsəm də, müəllim hər gün 15 qardaş olduğumuzu deyirdi...

Qapımız təkcə Novruzda pusulurdu...

Güllə səsini ancaq axır çərşənbədə eşidə bilərdik... Əvvəlcədən xəbərimiz olduğundan qulağımızı bərk-bərk qapayırdıq...

Kim nə deyir- desin, rayonda yaşamağın ən üstün cəhəti odur ki, hələ körpəlikdən heç kim sənə “haralısan?” sualını vermir...

Bəlkə gülməli olmayan şeylərə gülürdük, amma heç kimin ləhcəsinə gülmürdük...

Dünyanın ən böyük ləzzəti nənəmin bişirdiyi təndir çörəyinin arasında idi...

Qəhrəmanlıq ən çox pambıq, ya da üzüm yığmaqdan ibarət idi...

Hələ çox sonralar Rahib Məmmədov adlı bir sovet əsgəri sel sularından 22 nəfəri xilas edib, özü həlak olacaqdı və biz onun şəklini sinifin yuxarı başına yerləşdirib, onu heç vaxt unutmayacağımıza söz verəcəkdik...

Hələ lap çox sonralar yüzlərlə şəhid verməyə öyrənəcəkdik və bu, bizə Rahibi də, çoxlarını da unutduracaqdı...

Amma hələ ki, suyumuzun axar, gülümüzün açar vaxtı idi...

Erməni sözünü usta sözünün sinonimi bilirdim...

Erməni Artur adlı bir ustamız var idi. Hava necə olur -olsun, nənəm onun naharını həyətdə verirdi ki, “erməninin evdə nə işi var?”

Nənəm çox vasvası idi, heç iti-pişiyi də evə buraxmırdı deyə, elə bilirdim ki, ermənini əl-ayağı çirkli olduğu üçün evə buraxmazlar...

Artur yaxşı işləyirdi, amma onu heç vaxt nəzarətsiz qoymurdular... Yeyəndə də, işləyəndə də babamın bir gözü onun üstündə idi...

Hər gələndə mənə şokolad gətirsə də dostlaşa bilmirdik, çünki tək qalmağa macal vermirdilər...

Babam ona ödənişi pulla, ya istiqrazla edəcəyini soruşanda hər dəfə “komandirdən soruşum, görüm, nə deyir” deyirdi...

Komandirin rəhbərlik olduğunu güman edirdim... Axı biz tərəflərdə qadın elə qadın idi...

O qədər bolluq idi ki, nənəm də iki dənə idi... Atamın nənəsi daha yaşlı idi...

Bir dəfə 80 yaşını adlayan nənəm mənə ermənilərin usta yox, millət olduğunu demişdi:

- Erməni qadınlar uşaqlarını qorxudanda deyirlər ki, “türk gəlir”.

- Bəs onda türk nədir?

- Ermənilər bizə türk deyirlər... Uşaqları balaca olanda onlara öyrədirlər ki, türklər sənin düşmənindir...

Nənəm bundan çox izah edə bilməmişdi, mən də 4 yaşlı başımla belə anlamışdım ki, erməni dilində azərbaycanlı türk deməkdir...

Nənəm dünyanın düppədüz vaxtı getdi...

Əgər o dünyada bu dünyadan xəbərsizdirlərsə, onda nənəm hələ də elə hesab edir ki, bizə ancaq ermənilər türk deyir...

***

Bütün bunları düşünüb özümə haqq qazandırıram: “4 yaşında uşaq başqa nə bilməlidir ki?”

Sonra bacımın 4 yaşlı oğlundan erməninin nə olduğunu soruşuram:

- Terrorçu.

- Terrorçu nədir?

- Onlar uşaqları öldürür...

Sonra “Erməni terroru” adlı kitabı sürüyə-sürüyə gətirir... Yəqin şəkillərlə məni daha yaxşı başa salacağını düşünür:

- Bu uşaqların hamısını onlar öldürüb... Bu haqda Youtube-də də var...

- Sən bunları hardan bilirsən?

- Nənəm öyrədib...

Vüsalə MƏMMƏDOVA

Müharibənin filmlərdə göstərildiyi zamanlarda... - Lent.az Paylaş: Facebook Twitter GooGle Myspace
  • Oxunma sayı:1240

Şərh Yaz
votedemo
X
Yüklənir........
  Şərhlər Sayı: 4 
Tehmine qeseng yazidir
Scorpion Bu yazıya yaxşı şərh yazmaq üçün o dövrü yaşamaq lazımdır.Necə deyərlər:düşmənivi tanı ki,dostunun kim olduğunu biləsən.
Selim Bir insandan sirf ermeni olduguna gore nifret etmek, arada mesafe qoymaq tamamile sehvdir. Amma bu da basa dusulendir ki, iki xalq arasindaki elaqelerin minimum seviyyede olmasi iki terefe de realliqlari buraxib digeri haqqinda fantastik fikirlere sahib olmaq imkani yaradir.
Hekim qiz Ermeni yer uzunde tek bir neferi qalsa bele turkun ebedi DUWMENIDI
Köşə
Proyekt
Qutu
Hücrə
Alman professor Ziqlinde Hartmann Kulisə danışır
Kulis TV
Foto-xəbər
Sorğu

Ən çox dinlədiyiniz musiqi janrı hansıdır?
Caz
Hip-hop (Rep)
Pop (Estrada)
Rok
Rəqs havaları
Saz musiqisi
Meyxana
Muğam
Xalq mahnıları
Klassik musiqi


Nəticələr

Kulis+
Seymur Baycan
Adil Qeybulla yazır
Rövşən Yerfi

Top 10
HAQQIMIZDA © 2011 Kulis.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 5.x ilə tam dəstəklənir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.