Share...
04 Jan 2014 15:50

Köşə yazarları

Online: 116

Şaxta baba: “Erməniləri dondurub, Qarabağı azad edərdim”

30 ilin Şaxta babası danışır

Onu ekranlardakı mənfi qəhrəmanlarla xatırlayacaqsınız. Bəlkə çoxunuzun ağlına da gəlməz ki, şənliklərdə uşaqların həsrətlə gözlədiyi, xeyirxah Şaxta baba Əməkdar Artist Kazım Abdullayevdir. Teatr adamlarının qeyri-rəsmi “Son illərin ən yaxşı Şaxta Babası” adı ilə qiymətləndirdiyi aktyor...

 

- Kazım müəllim, neçə ildir, Şaxta babanı oynayırsız?

 

- 30 ildən çoxdur. Birinci il Sumqayıt teatrında Şaxta baba oldum. Sonra Mədəniyyət evlərindəki şənliklərdə də çıxış etdim. Beləcə təcrübə topladım. Mənim şənliyimdə iştirak edən uşaqlar indi yanıma öz uşaqlarını gətirirlər. Yaxınlaşıb deyirlər ki, sən bizim şaxta babamız idin.

 

- Teatr cameəsində olan adamların çoxu sizin Şaxta Baba rolunuzun uğurlu olduğunu deyir. Sizcə niyə?

 

- İlk növbədə məsuliyyətlə yanaşıram roluma. Uşaq başı aldatmırsan e. Ciddi məsələdir-uşaqlar Şaxta babaya inanırlar. Böyüklər teatra gəldiklərini bilirlər. Onları inandırmalısan. Amma uşaq elə bu başdan inanır. Bu əlavə məsuliyyətdir. O inamı itirməməlisən.

 

Bir dəfə uşaqlarım balaca olanda geyinib evimizə girdim və onları Şaxta baba kimi təbrik etdim. Az sonra əynimi dəyişib qayıdanda onlar mənə həyəcan və təəssüflə dedilər ki, kaş evdə olardın - Şaxta baba gəlmişdi... (gülür)

 

Hələ ki, balaca bir inamlarıı, nağıl dünyaları var, onu pozmayaq. Onsuz da bir azdan hər şeyi başa düşəcəklər, biləcəklər həyat nədir.  

 

Əsas məsuliyyətdir. Hələ bu 30 ildə bir dəfə olmayıb ki, içkili vəziyyətdə Şaxta babanı oynayam. Amma belə edənlər olur. Həmişə düşünmüşəm ki, səndən araq iyi gəlsə uşaq yaxınlaşıb nə fikirləşər? Heç siqaret də çəkmirəm.

 

Hər dəfə çalışıram ki əlimdən gələni edim. Evlərə də getdiyim olub. Həmişə işimə ciddi münasibəti qorumuşam.

 

- Uşaqlığınızda inanmısınız Şaxta babaya?

 

- Mən Bakının Balaxanı qəsəbəsində doğulub böyümüşəm. Müharibədən sonrakı dövr olub. Belə şeylər elə də ciddi qeyd olunmayıb.

 

- Sizin Şaxta babanız ənənəvi Şaxta babadır. Dövr dəyişir, nəsillər dəyişir. Bəs sizin Şaxta baba dəyişikliyə hazır deyil?

 

- Yəni, Şaxta baba Santa Klaus olsun? (gülür) Proqramdan asılıdır. Rusiyada ildən ilə dəyişir proqram. Onlarda yeni musiqilər yazılır, uşaq rəqsləri yaranır. Bizdə bu sahəni işləyən yoxdur, uşaqlar üçün mahnı yazanlar yox dərəcəsindədir. Uşağı Röyanın, Aygün Kazımovanın mahnılarına oynatmayacaqsan ki? Uşaqlar üçün uşaq mahnısı yazılmalıdı. İndi uşaqları əyləndirmək çətindir. Mənim 61 yaşım var, kompüterdən o qədər başım çıxmır. Amma onlar dünyanın o başından da xəbər bilirlər. Bir də görürsən inanmırlar, gəlib saqqalımı dartanlar da olur. Onları inandırmaq lazımdır(gülür). Demək lazımdır ki, Şaxta Baba qoca kişidir, saqqalını dartmaq olmaz.

 

- Uşaqlarla qeyri-adi hadisələr baş verirmi?

 

- Hər il bir torba məktub verirlər mənə.

 

- Nə istəyirlər?

 

- Uşaqlar dəyişiblər. Əvvəllər oyuncaq maşın istəyirdilərsə, indi bahalı markalı həqiqi maşınlar istəyirlər. Qeyri –adi arzusu olan yadıma gəlmir.

 

Çox yaxşı olan bir hal odur ki, Yeni il şənliklərini təşkil edən “Kainat Gənclik Mərkəzi” valideyn himayəsindən məhrum və əlil uşaqlar üçün tədbirlər təşkil edir, gedib onları təbrik edir, hədiyyələrlə sevindiririk. Bu, çox yaxşı işdir. İndi maşallah, pullu adamlarımız var, onlar da bu uşaqları, əlilləri yadından çıxarmasınlar, yeni il qabağı gedib onları sevindirsinlər. Heç nə yox, heç olmasa o uşaqlar tək olmadıqlarını hiss edərlər.

 

- Kazım müəllim, əgər yolkanın işıqlarını yandırdığınız ağac həqiqətən sehrli olsa, nəyi dəyişərdiz? Nəyi dondurardız?

 

- (gülür) Çox şeyi. (ciddiləşir) Əvvəlcə erməniləri dondurub, Qarabağı azad edərdim. Bu hamımızın böyük dərdidi. Eləcə də mənim. 92-də könüllü müharibəyə getmək istəyirdim, iki dəfə komissarlığa ərizə verdim. Amma məni burada saxladılar. Bilirəm ki, bunu özümüz etməliyik. Sehrli ağacla belə şeylər həll olunmur. Onlar bilir ki, arxalarında dayanan var. Xalq ayağa qalxıb erməniləri öz torpağından çıxarmalıdır.

 

Şəxsən özümə arzum odur ki, övladlarımın toyunu görüm, nəvələrim olsun...

 

- Uşaqlar bir yana, bəs valideynlərdən, böyüklərdən narazılığınız varmı?

 

- Valideynlər uşaqlarla işləməyə qoymurlar. Bir də görürsən ki, beş nəfər ailə üzvü- ata, ana, nənə, baba, xala, bibi bir körpə uşağı gətirib şənliyə, uşaq qucaqlarında dayanırlar şənliyin ortasında. Nə isə deyəndə xətirlərinə dəyir ki, mənim uşağım bəyəm uşaq deyil? Valideynlərlə çox çətindir.

 

- Çox filmlərdə şər təmsilçisi olan personajları oynayırsınız.

 

- Hə, mənfi qəhrəmanları çox oynayıram.

 

- Deməli, bu mənfi obrazları Şaxta baba ilə balanslaşdırırsız...

 

- O mənfi obrazları həyatımla balanslaşdırıram. Özünüz görürsünüz, mülayim, təmiz ürəkli adamam. (gülür) Kin saxlayan deyiləm, kimsəyə pislik etmərəm. Yəqin ki, mənim xarici görünüşüm, səsim mənfi qəhrəmana uyğun gəlir.

 

Bilirsiz, mənfi obraz yaratmaq daha maraqlıdır. Orada nüanslar çox olur. Onda işləmək üçün material olur. Daha həyati alınır.

 

- Belə çıxır ki, müsbət obraz məsələsi həyati deyil, bir növ uydurmadır.

 

- Yalnız onu deyim ki, çox az əsərlərdə müsbət obraz maraqlı alınır. Xarakterik obrazlar mənfi obrazlardır.

 

- Çox tez-tez səslənən bir fikir var: “İndi əvvəlki teatr yoxdur, əvvəlki səs tembri, xarizması olan aktyorlar yoxdur - indiki aktyorlar cırlaşıblar”. Orta nəsil indiki teatra münasibətini belə ifadə edir. Siz nə düşünürsünüz?

 

- Onda zaman başqa idi, teatr başqa idi. Teatra münasibət başqa idi. Romantik teatr var idi. Aktyorlar da o teatrın aktyorları idilər. Mən elə hesab eləmirəm. Əvəzolunmaz yoxdur.

 

- Yaradıcı bir insan kimi ən böyük probleminiz nədir?

 

- Teatrda rollarım çoxdu. Narazılıq edə bilmərəm. Maliyyə problemidir - yəni maaşımız həqiqətən çox azdır. Filmdən aldığımız qonorarlar da aşağıdır.

 

- Oynamağı arzuladığınız obraz varmı?

 

- Arzulamışam, vaxtı keçib. Belə-belə arzularım köhnəlib. İndi qoca kişiyəm. Tarixi filmlərdə oynamaq istəyərəm.

 

- Bir sözünüz qaldımı?

 

- Yeni ilinizi təbrik edirəm. Hamıya xoşbəxtlik arzulayıram!

Yazar

Aliyə

Oxunub

432 dəfə

Şərh yaz Şərhlərinizdə dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şərəf və ləyaqətini alçaldan ifadələr işlədilməməlidir. Bu tələblərə cavab verməyən şərhlər yayımlanmayacaq..
Adınız
Email
Kod

Şərhlər yoxdur