Share...
01 Sep 2014 22:00

Köşə yazarları

Online: 44

Qızlarımızın evdə qalmaq qorxusu

"90-lar" layihəsi

 

Kulis.Az “90-lar” layihəsindən Nuranə Abbasovanın “Qızlarımızın evdə qalmaq qorxusu” yazısını təqdim edir.

 

Layihənin digər yazıları:

Qan Turalı. “Atalarımızın erməni sevgililəri”

Şəhriyar del Gerani. “Qvadalupenin şalvarındakı inqilab”

 

 

“Övladınızı sizin yaşadığınız zamana görə yox, onların yaşadığı dövrə uyğun böyüdün” deyib dahilərdən biri. Bizim də bəxtimizə cırtdanın divə xəlbirlə su daşımağı öyrətdiyi kələkdən, baş açmadığımız kələfin içinə düşmək yazılıbmış.

 

İlk dəfə şəhərimizin küçələrində dilənçiləri gördük...

 

İlk dəfə “başqalarının evinə girən qaçqınlar”la tanış olduq...

 

İlk dəfə, az qala hər gün şəhid basdırmağa başladıq...

 

Bütün bunları ilk dəfə idi ki, görüb, eşidirdik.

 

Üzü ağ olsun ermənilərin! “Erməni” sözünün də fərqinə ilk dəfə vardıq. Qonşumuz Haykanuşun “bizim kimi” olmadığını ilk dəfə anladıq.

 

“Kəpənək” mahnısını yarıda kəsib “İgid əsgər, möhkəm dayan” oxumağa başladıq.

 

Çörək növbələrində “əliuşaqlı” imici yaratmaqla qabağa keçmək istədi analarımız. Əlimizdən tutub bizi də apardı xoş ətirli aclıq həqiqətinin düz içinə. Ancaq o zamanlar heç “imic” sözü də yox idi. Qızlarımız nə tapırdı, geyinirdi. Çay qutularından çanta düzəldirdik özümüzə.

 

“Turbo” saqqızlarından çıxan bahalı avtomobil şəkillərinin kolleksiyasını yığırdıq uzaq xəyallara yola çıxmaq üçün. Kibrit qutularının üz qabıqlarından kart oyunları qururduq. Cizgi filmlərinə baxmırdıq daha, cəbhə xəbərlərinin keşiyində dayanmışdıq.

 

“Oblava”lar: ərini gizlətməyə çalışan qadın, atalarını “erməninin öldürəcəyi”ndən qorxan və gecələr onun boynuna bərk-bərk dolanıb yatan BİZ.

 

...Və qızların qorxusu. Şəhid olan oğlanların sayının artması bu qorxu və nigaranlığı birə-beş artırırdı. Elə o səbəbdən qonşumuz Gülnaz xalanın qızı atasından da qoca, içki düşkünü bir kişiyə ərə getdi. Bəlkə də qazananlar elə “dezertilər”, ağzında dişi qalmayanlar oldu: məcburiyyətdən sütül qızlar düşdü paylarına.

 

Cəmilə xalanın 5 yaşlı oğlu bir erməni qadınının qurbanı oldu. Erməni Sona qızına “siz murdarsız” deyən Əvəzi əbədi dünya işığına həsrət qoydu: atdığı daşla onun gözlərini kor elədi. Bununla da bu insanların o insanlar olmadığı ortaya çıxdı.

 

Və biz qəhrəmanını xilas edən ağ qu quşunun elə kitablarda qaldığının fərqinə vardıq. O qu quşu vərəqləri yarıb çıxa bilmədi ki, haqqı-ədaləti bərpa etsin.

 

Gözümüz önündə hərbi paradlar başladı. “Все на фронте”. Şüar eyni idi, amma bu dəfə özümüz üçün ölməli idi sevgililərimiz, qardaş və atalarımız. 

 

Quru çörək yığan Nadya xala daha gəlmirdi məhəlləmizə. Çünki o, rus idi, çünki onlar “ermənilərlə qohum idilər”. Bu olmuşdu uşaq təxəyyülümüz.

 

Həyətimizə hər dəfə qırmızı tabut gətiriləndə biz balacalar üçün “əyləncə” meydana çıxırdı. Qara yaylıq havada yellənəcək, üzlər cırılacaq, özündən gedənlər yıxılacaq.

 

Üzeyir atasının əsgər paltarını geyinəcək, boyundan uzun kəməri dik tutmağa çalışıb, “mən də bu boyda olanda erməniləri öldürəcəm” deyəcək, lakin illər sonra özü şəhid olacaq, məzarı atasının yanında qazılacaq, anası Sayalı xala da havalanacaqdı.

 

Mehman əmi “Rusyet”dən gətirdiyi saqqızları bizə paylayacaq, bizim ondan xoşumuz gələcək, lakin Vətənin dar günündə gecə ikən arvad-uşağını da götürüb Dağıstana qaçandan sonra yerə tüpürdüyümüz saqqız kimi gözümüzdən düşəcəkdi.

 

Zaman şəkilçilərinə aldanmayın, əslində bunların hamısı 90-larda olmuşdu.

 

Dəhlizlərdə gedən “arvad söhbətləri”nin hamısı “kişiləşmişdi”. İndi analarımız da siyasətdən danışmağa başlamışdı. Bu vaxt “Ana, Gülşəndəki şirniquşdan al mənə də” deyən uşaqlarına “Atası dünən alıb, gözü yenə doymur” deyib, saxta təbəssümlə qonşuların yanında özünü sındırmamağa çalışırdı analarımız. Əslində “Uşağın atası” dünən evə çörək almağa pul tapmamışdı.

 

“Samokat”larımızın, “çujik”lərimizin yerini avtomatlı oyunlar tutmuşdu.

 

Və biz oynaya-oynaya 90-ları geridə qoyub 2000-lərə adladıq. Əslində biz “90-lar” hamımız eyni taleni yaşadıq.

 

 

 

Yazar

Kulis.az

Oxunub

1104 dəfə

Şərh yaz Şərhlərinizdə dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şərəf və ləyaqətini alçaldan ifadələr işlədilməməlidir. Bu tələblərə cavab verməyən şərhlər yayımlanmayacaq..
Adınız
Email
Kod

Şərhlər yoxdur