Share...
11 Apr 2012 16:59
Müəllif hüququ © WWW : KASPİ qəzeti
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » LAYİHƏ » Qırxpilləkəndə döyüş
06.04.12 04:26

Mən Aşağı Qarabağda doğulduğum üçün uşaqlığımın və ilk gənclik illərimin yay fəsilləri, daha doğrusu, yaylaq dövrü əsasən Yuxarı Qarabağda keçib. Yuxarı Qarabağ deyəndə indiki "Dağlıq Qarabağ" adı ilə məşhurlaşan əyaləti, kənd və şəhərləri nəzərdə tuturam. Köklü qarabağlılar bu ərazini "dağa, arana" bölməyiblər, sadəcə Aşağı Qarabağ, Yuxarı Qarabağ kimi fərqləndiriblər. Yaşlı nəslin nümayəndələri danışırlar ki, qarabağlılar payız-qış fəsillərini Aşağı Qarabağda, yaz-yay aylarını isə Yuxarı Qarabağda keçirirmişlər. Köklü qarabağlıların başqa bir deyimi də yadımda qalıb: "Çörəyi Aşağı Qarabağda qazan, süfrəni Yuxarı Qarabağda aç". Bir sözlə, Qarabağ qışlağı və yaylağı özündə birləşdirən bəxtəvər diyar olub. Öz nemətli və səfası ilə nəinki qarabağlıları bəxtəvər edib, həm də bütün gələnlər üçün səxavət və qonaqpərvərlik nümunəsi göstərib...

     Lakin xalq deyiminə görə, "Hansı mərdimazarın günahı ucbatındansa bəxtəvər Qarabağ bir gün ulu Tanrının qəzəbinə düçar olub. Hansı zaval  küləyi isə bu yerlərə "hay" adlı tayfa gətirib və həmin "hay"ların hay-həşiri sayəsində Qarabağın xöşbəxtliyi göyə çəkilib..."


     Doğrudan da, ermənilər bu diyara köçəndən (daha doğrusu, köçürüləndən !) sonra Qarabağın xobəxtliyinə su calanmağa başladı. Onlar tədricən ərazinin dağlıq hissəsini (yaylağını) "zəbt edəndən" , başqa sözlə, kompakt halında məskunlaşandan sonra Aşağı Qarabağın sakinlərini, bütövlükdə isə bütün azərbaycanlıları "burunnamağa" başladılar. Ermənilərə münasibətdə dəyişməz qalan rus siyasəti isə onların bu hərəkətinə nəinki mane olur, əksinə, rəvac verirdi. Bolşeviklərin hakimiyyətə gəlişi ilə ermənilər üçün Qarabağda daha bir toxunulmazlıq şəraiti yaradıldı. Qiyafəsi dəyişsə də, məzmunu dəyişməyən rus-sovet siyasəti nəticəsində 1923-cü ildə qurum yaradıldı. Bu qurum rəsmi dairələrədə Azərbaycan Respublikasının tərkib hissəsi kimi qələmə verilsə də əslində ermənilərin toxunulmazlığını və bu yerlərdə daimi məskunlaşmasını təmin edən bir vasitə idi. Dağlıq Qarabağ Muxtar Vilayəti bu ərazidə yaşayan millətlərin, o cümlədən, köklü azərbaycanlıların vilayəti sayılsa da burada hegemonluq edən, başqa sözlə, hökmranlıq edən ermənilər oldular. "Hay"ların sıqləti. havadarlarının köməyi və "ev sahiblərinin" (azərbaycanlıların!) hədsiz yumşaqlığı sayəsində DQMV erməniləri get-gedə gücləndilər və...


     Nəticəsi artıq bizə bəllidir. Amma mən mövzu ilə bağlı olaraq, başqa xatirələr boxçasını açmaqla erməni siqlətini anlamaqda oxuculara yardımçı olmaq istəyirəm.


     ...   Şuşanın Cıdır düzündən Xan kahasına enən səmtdə Qırxpilləkən adlı bir xarabalıq vardı. Uşaqlıqda oranı "qıl körpü" adlandırırdıq. İki uçurumun arası ilə yuxarıdan aşağı sallanan ensiz sal qayanın üzərində oyulmuş qırx pillədən ibarət bu keçid nədənsə uşaqların diqqətini daha çox çəkirdi. Anaların yasaq eləməsinə baxmayaraq, fürsət düşən kimi gözdən yayınıb, Qırxpilləkənə qaçırdıq. Təhlükə hissini yaxına buraxmadan "qıl körpü" üzərində aşağı-yuxarı şütüyürdük. Bununla da cəldliyimizi və cəsarətimizi bir-birimizə nümayiş etdirirdik. Ən yaddaqalanı isə o idi ki. "qıl körpü" bizdən olan və bizdən olmayan uşaqlar üçün yarış meydanına çevrilmişdi. Daşaltı kəndindən qalxıb gələn dığalar (erməni oğlanlarını sadəcə belə adlandırırdıq) üzərində hər qələbəmiz bizi ruhlandırırdı. Bu cür yarışlar çox vaxt tərəflərin savaşı ilə qurtarırdı. Bir dəfə isə gözləmədiyimiz hadisə baş verdi.


     Bizdən olmayan uşaqlar həmin gün özləri ilə tanımadığımız bir dığa gətirmişdilər. Çəlimsiz və bir ayağı gödək olsa da hərəkətlərində quş cəldliyi vardı. Həmin dığa bir ayağı üstündə qırx pilləni sürətlə enib-qalxandan sonra qayanın başında qürurla dayanaraq bizə meydan oxudu. Bəli, tək ayaqla Qırxpilləkəni birdəfəyə enib-qalxmaq ağlasığmaz iş idi. Bu, bizim üçün məğlubiyyətin acısı ola bilərdi. Dığalar rişxəndlə qımışaraq bizdən cavab gözləyirdilər...


     Dəstəmizdə Səfa adlı bir oğlan vardı. Adi vaxtlarda onu yoldaşlarından fərqləndirən elə xüsusi cəhət görməmişdik. Odur ki. dığaların
çağırışına cavab olaraq, Səfa qabağa çıxanda hamımız təəcübləndik. Onun sonraki hərəkətləri isə nəinki bizi, həm də rəqiblərimizi heyrətdə qoydu. Səfa asta yerişlə Qırxpilləkənin zirvəsinə yaxınlaşdı. Sonra aşağı əyilərək əllərini yastı qaya parçasına dayaq elədi və qəflətən ayaqlarını yuxarı qaldırdı. Başıaşağı şaquli vəziyyətdə bir anlığa donub qaldı... Sonra tədricən hərəkətə gələrək, qolları üstündə "yeriməyə", pillələri bir-bir enməyə başladı...


     Dostumuz əlləri üstündə Qırxpilləkəni enib-qalxanadək sanki il keçdi. Nəfəsimizi dərmədən, kirpiyimizi qırpmadan onun hərəkətlərini izləyirdik. Səfanın əlləri altında bir-bir arxada qalan daş pillələr qurtarmaq üzrə idi. Daha bir neçə pillədən sonra biz fərəhdən atılıb-düşəcək, dığalar üzərində qələbəmizin sevincini dadacaqdıq. Amma belə olmadı...


     Səfa Qırxpilləkənin qaşına çatar-çatmaz gödəkqıç dığa qırğı kimi ona tərəf şığıdı. Var gücü ilə itələyib, Səfanı uçuruma yuvarladı...
                                                   



                               Erməni şikəstəsi


      Hafizəmdə ilişib qalan uşaqlıq xatirələrindən biri də Gülüstan yaylağında eşitdiyim "Kəsmə şikəstə" ilə bağlıdır...


     Böyük qardaşım yük maşını sürürdü. Hərdən əsas işindən "oğurlanıb" , çörək pulu qazanmaq üçün "xaltura" edirdi. Payızda-qışda dağ kəndlərindən odun gətirib satırdı. Yazda-yayda isə yaylağa qalxanlara, yaylaqdan enənlərə xidmət edirdi. Belə səfərlərə hərdən məni də aparırdı. Mən bu cür səfərlərdən xüsusi ləzzət alırdım. Həm qardaşıma komək edir, həm də Azərbaycanın səfalı yerlərini könlümə-gözümə həkk edirdim.


     Bir dəfə Gülüstana köç aparmışdıq. O zaman bu yerlərin rəsmi  adı Şaumyankənd rayonu idi, camaat arasında isə ona Başkənd deyirdilər. Yükümüzü boşaldıb qayıdanda  maşınımız xarab oldu, daha doğrusu, sağ tərəfdən arxa çarxın "ressoru" qırıldı və onu çıxarıb, təmir edib, yerinə bərkidənədək iki gün dağlarda ləngiməli olduq. Yaxşı ki , məcburi dayanacaq yerimiz  kənddən çox aralı deyildi və maşınımız bir erməni həyətinin lap qarşısında durmuşdu. Qardaşım qırılmış "ressoru" yenidən yığdırmaq üçün rayon mərkəzinə aparmalı idi, məni isə maşının yanında tək-tənha qoyub getmək istəmirdi. Odur ki, həyətə girib , ev sahibləri ilə danışmağı, haqqını verib, kirayə sığınacaq tutmağı qərara aldı. Həyətdən çıxanda mənə bərk-bərk tapşırdı:


     - Mən gəlincə bu həyətdən heç yerə çixmarsan... Hərdən maşına baxarsan ki, soyub aparan olmasın... Mən də tezliklə qayıdıram...


     Amma qardaşım getdiyi yerdən gec qayıtdı. Sabahısı gün də tezdən gedib, axşam gəldi. Və beləliklə. iki gün ərzində mən bu həyətdə, ermıni ailəsində qalmalı oldum...


     Ailədə başı papaqlı yox idi. Kişilər dağlara ot biçininə qalxmışdılar, cavanlar və gəlinlər isə onların köməyinə getmişdilər. Evdə orta yaşlı bir qadın və əmzikli körpə qalmışdı. Qadın olduqca qaraqabağ və sərt idi. Bizim dildə təmiz danışırdı. Sübh tezdən oyanıb , donquldana-donquldana həyət-bacanı dolaşır, mal-heyvanı, toyuq-cücəni yemləyəndən, yerbəyer edəndən sonra içəridən qundağı gətirib. armud ağacından  asılmış nənniyə qoyurdu. Südəmər körpə ilə böyük adamlar kimi danışırdı. Özü də bizim dildə.
 

    - Nə vaxtacan yatacaqsan, ayılsana... Belə yatağan olsan, yurd-yuvanı çapıb-talayarlar...


     Öz dilimizdə səslənsə də erməni qadının körpəsi ilə danışığından bir şey anlaya bilmədim. Amma öz anamdan eşitdiklərimi xatırladım. O, deyirdi ki, erməni qadınları beşik başında söylədikləri oxşamaları, laylaları, bir də qarğışları bizim dildə, yəni Azərbaycan dilində söyləyirlər. Səbəbi də ondan ibarətdir ki, bu deyimlər bizim dildə daha həzin, daha “yağlı” səslənir. Lakin evində kirayə qaldığım qadının söylədikləri  nə oxşama idi, nə də layla...


     Bərk darıxırdım. Gözlərimi darvazaya (həm də maşınımıza) zilləyib, qardaşımın nə vaxt gələcəyini gözləyirdim. Birdən tanış melodiya eşidib səksəndim. Kimsə "Kəsmə şikəstə" oxuyurdu. Biz tərəflərdə dəbdə olduğundan bu nəğməni ilk ahəngindən tanımaq olurdu. Cəld səs gələn tərəfə boylandım . Müğənni qiyafəsində elə bir kimsə görmədim. Yalnız evində qaldığım erməni qadını armud ağacından asılmış nənnini ağır-ağır yelləyir, yelləncəyin ahənginə uyğun zümzümə edirdi. Hə, başa düşdüm. Erməni qadını "Kəsmə şikəstə" üstündə körpəsinə beşik laylası deyirdi. Sözləri də bizim dildə idi.


                                      Layla dedim, yatasan,

                                      Daviddən güc alasan...

                                      top-tüfəngə sarılıb,

                                      Türkün yurdun çapasan...


     Eşitdiklərimdən canım ürpəşdi. Deyəsən qorxdum da. Ancaq təsəllim o oldu ki, içərimdə öz-özümə dedim: "Bizim türklə nə əlaqəmiz, biz ki, azərbaycanlıyıq". O zaman başımıza belə yeritmişdilər və biz azərbaycanlılar "türk" sözünü düşüncəmizə yaxın buraxmırdıq. Lakin bir də dönüb armud ağacına tərəf baxarkən erməni qadının qəzəbli baxışları ilə rastlaşdım. Tərs-tərs məni süzərək, ermənicə dedi: "İnç dığa, turkes..." ("Oğlan, sən də türksən...") Bu dəfə həqiqətən qorxdum. Nədənsə bir yay günündə taxıl zəmisində başaq yığarkən iki addımlığımda körpə buzovu parçalayan qancıq canavarın gözlərini xatırladım. Sürətlə qaçıb, darvazadan çıxdım. Maşının kabinəsinə girib, qapılarını bərk-bərk bağladım.


   Yaxşı ki, qardaşım tez qayıtdı...


Yusif Kərimov
URL / WWW
http://www.kaspi.az/news/a-14097.html