Tanışımın qızı bu aydan məktəbə hazırlığa gedir, 1-cə sinfə hazırlıqdır. Bu gün uşaq məktəbdən evə gələndə anasına müəllimənin ona dediklərini danışıb. Müəllimə 5 yaşlı uşaqlara bugünkü – üçüncü dərsində deyirmiş:

- Ermənilər bizi zəlil gününə qoyub. Bizim düşmənimiz kimdir? Ermənilər. Yadınızda qalsın. Gələn dəfə soruşacam. Onlar bizim babalarımızı vəhşicəsinə qırıblar.

Uşaq müəllimənin sözlərini olduğu kimi evdə danışanda anası çox kədərlənib. Məncə də, kədərlənəsi hadisədir. 20 yaşlı gənc bir müəllimə, 5 yaşlı körpə beyin. Axı bu uşağın nəyinə lazımdır ki, keçmişdə kişilər bir-birini öldürüblər, onun indi Qırmızıpapaq yaşıdır.

Azərbaycandilli məktəblərdə  təhsilin dövlət təbliğatına bulaşması, gələcək üçün kin-küdurətli, travmalı, ümumi nifrət cümlələrilə dolu intiqam nəsli hazırlanması insanlığa yaraşmayan işlərdir. 1990-cı illərdə “ermənilər öz uşaqlarının qulağına doğulan kimi “sənin düşmənin türkdür” pıçıldayırlar” söhbətləri yayılmışdı. O zaman çoxumuzun buna görə ermənilərə yazığı gəlirdi. Amma insan getdikcə öz düşməninə bənzəyirmiş. Budur, 5 yaşlı uşaqlara öyrədilən sözlərə baxın: “Ermənilər bizi zəlil gününə qoyub”.

Related Posts Plugin for WordPress, Blogger...