Share...
11 Feb 2012 16:04

SƏHİFƏNİN YÜKLƏNMƏSİNİ GÖZLƏYİN

















Pis qonşu

(Nağıl)

Biri vardı, biri yoxdu keçmiş zamanlarda Atropatena adında qədim bir ölkə (indiki Azərbaycan) var idi. Atropatenalılar çox zəhmətkeş idilər. Onların işguzarlığı, sənətkarlığı bütün dünyaya yayılmışdı.

Atropatenanı dünyada ən çox tanıdan sənətkarların əl işləmələri ilə hazırladıqları gözəl boyalı qablar idi. Sənətkarlar qabların üzərinə gözəl rəsmlər çəkir, bəzən onların üzərinə nağıl qəhrəmanlarının igidliklərini göstərən naxışlar da vururdular. Bir çox tanınmış diyarların hökmdarları saraylarında yalnız belə boyalı, rəngli qablarda yemək yeməyi özlərinə şöhrət hesab edirdilər.

Şəhərdə boyalı rəngli qab düzəldən usta çox idi. Amma mahir ustalar bir neçə nəfər idi. Onların çoxu illərlə bu sənətdə işləyərək püxtələşmiş, yaşa dolmuşdular.

Bazarın içərisində boyalı qab emalatxanasında Əhməd adlı adi bir dulusçu işləyirdi. Bir gün O, fikir verib gördü ki bazarda xırım-xırda şirniyyat alveri edən bir oğlan uşağı vaxt tapan kimi qaçıb gəlir emalatxanaya, başlayır ustanın əllərinə baxmağa. Oğlanın bu hərəkəti ustanın çox xoşuna gəlir. Oğlanı içəri çağırır və soruşur.

-Sənin adın nədir?

-Rövşən – deyə oğlan utana-utana cavab verdi.

-Oğlum, görürəm sənin bu işə çox böyük həvəsin var. Əgər razısansa, gəl mən öz sənətimi sənə öyrədim, peşiman olmazsan.

Rövşən elə bil bu sözə bənd idi. Əlindəki şirniyyatı yerə qoyub, işə başladı. Başqa şagirdlərin bir aya öyrəndiyi işi, Rövşən axşama qədər öyrəndi. Artıq hava qaralanda o, iki meyvə qabı düzəltmişdi.

Usta Rövşənin məharətinə afərin dedi. Və onu evə yola salanda, sabahdan ona qabların üstünə şəkil çəkməyi öyrədəyəciyini də söz verdi.

Rövşən sevincək evə gəldi. Ata-anasına hər şeyi danışdı. Onlar bir tərəfdən sevinsələr də digər tərəfdən qəmgin oldular. Çünki atasının yataq xəstəsi olduğundan evlərini on iki yaşlı Rövşən dolandırırdı. Peşimançılıqlarını biruzə verməsələr də Rövşən onları dərhal anladı və dedi:

Ata, ana heç qəm yeməyin, mən sizə söz verirəm ki, biz az bir vaxtda kasıbçılıqdan qurtaracayıq. Mənim bu sənətdən o qədər xoşum gəlir ki, çox keçməz ki, mən tanınmış bir dulusçu olaram.

O, ata-anasından bu işə görə xeyir dua alandan sonra daha da sevindi.

Emalatxanada isə düzəltdiyi qablara naxış vurandan sonra ustanın ağzı açılı qalmışdı. Hələ ustanın özü ömründə belə gözəl naxış görməmişdi.

Nağıllarda illər qıvraq keçər. Rövşənin artıq on altı yaşı var idi. Amma yaşının az olmasına baxmayaraq, hamı onun sənətkarlığından danışır, gördüyü əl işlərinə heyranlıqla baxırdılar. Onun ailəsi artıq kasıbçılığın daşını da atmışdı. Atası da sağalıb, ayağa qalxmışdı. Rövşən qabları düzəldən kimi tacirlər həmin qabı almaq üçün dava salırdılar. Axırıncı ildə isə düzəltdiyi qablar, onların naxışları əvvəlkilərdən daha da gözəl idi. Adam baxdıqca baxırdı. Rövşən emalatxanasına yüzə qədər belə gözəl qab yığmışdı. Amma nə qədər tacir gəlirdisə də heç birisinə satmırdı. Bunun da bir səbəbi var idi ki, qulaq asın sizə danışım.

Rövşəngilin qonşuluğunda Qönçə adlı bir qız yaşayırdı. Qönçə elə gözəl idi ki, elə həqiqətən də hələ açılmamış qızılgülün qönçəsinə oxşayırdı. Bir səhər tezdən Rövşən emalatxanaya gedəndə eşidir ki, qonşu qızı Qönçə bərkdən qışqırır. Tez çəpərdən tullanır qonşularının həyətinə. Görür ki, üstü qara naxışlı yaşıl zəhərli bir ilan istəyir qızı çalsın, qız da əlindəki nar çubuğu ilə buna imkan vermir, amma qorxudan var gücü ilə qışqırır.

Rövşən çatan kimi ilana ortasından elə bir təpik ilişdirir ki, ilan on metr uzağa düşür. Sonra isə qaçıb onu oradaca tapıb, iki yerə bölüb, başını əzir. Qızın yanına qayıdıb görür ki, Qönçə qorxudan əsim-əsim əsir. Qızı bir təhər sakitləşdirəndən sonra, çıxır gedir işinə. Ancaq həmin gün hansı qabın üstünə şəkil çəkmək lazım olursa, Rövşən özü də bilmədən bütün qabların üstünə Qönçənin şəklini çəkir.

Rövşən hətta sevdiyi qıza mahnı da qoşmuşdu. Qızı görmək istəyəndə bu mahnını oxuyar, qız da eyvana çıxıb mahnıya qulaq asardı.

Səhər-səhər eyvana çıx səni görüm,

Hər nazını özüm çəkim, mələk gözlüm,

Saçlarını oxşayaraq, özüm hörüm

Şirin dillim, incə bellim, gözəl üzlüm !

Bir neçə gün belə davam edəndən sonra Rövşən ürəyindəkini anasına açır. Həmin gün ər-arvad bir-birinə qoşulub Qönçəyə elçi gedirlər.

Anası və Qönçə nə qədər xoş, ürəyi geniş olsalar da, Qönçənin atası bir o qədər də xəsis, acgöz bir kişi idi. Elə ki, gördü Rövşən kimi tanınmış bir usta onun qızını sevir, üzdə biruzə verməsə də, içində çox sevindi. Qərara gəldi ki, əsl varlanmaq vaxtıdır. Gələnlərin fikrini eşidən kimi narazı bir sifət aldı. Üz gözünü turşudub dedi:

-Mənim qızım hər oğlana tay ola bilməz. O çox gözəldir. Elə ona görə də mənim qızıma kim çox başlıq versə ona da ərə verəcəyəm. Bu başdan deyirəm. Beş yüz qızıl başlıq verilməzsə mən qızımı heç kəsə verən deyiləm.

Ata-ana kor-peşiman evə qayıdıb, eşitdiklərini oğlanlarına da dedilər. Rövşən belə qız alış-verişindən çox pərt olsa da ata-anasını sakitləşdirdi:

-Mənim əziz ata-anam heç qəm yeməyin. Mən Qönçəni o qədər sevmişəm ki, ona görə məndən lap min qızıl da istəsələr mən onu qazanıb verməyə hazıram.

-Oğlum, sən o qədər pulu haradan qazanacaqsan? O kişi istəyir ki, doğma qızı ilə varlansın. Hələ bizim diyarda qızı üçün bu qədər başlıq istəyən görməmişik. Gəlsənə sən bu sevdadan əl çəkəsən – deyə ata qorxa-qorxa soruşdu.

-Bu yoldan dönmək mənim üçün ölümdən betərdir. Amma mən pul qazanmağın yolunu bilirəm. Mənim düzəltdiyim naxışlı, rəngli qablar başqa ölkələrdə daha da bahalı qiymətə alınır. Bizim tacirlər qabları məndən alıb, başqa yerlərdə üç-beş qat bahasına satırlar. Mən də belə edərəm. Başqa heç bir yolum yoxdur.

Həmin gündən başlayaraq, Rövşən düzəltdiyi qabları satmadı. Düz bir il gecə-gündüz cürbəcür maraqlı işləmələrlə boyalı rəngli qablar düzəldib yığdı emalatxanaya. Eyni zamanda səfərə çıxmaq üçün də yavaş-yavaş hazırlaşmağa başladı. Nəhayət ki, Rövşən ona lazım olan sayda qab düzəldəndən sonra, ertəsi günü yola çıxmağa qərar verdi.

İndi Sizə kimdən danışım Rövşəngilin evlərinin arxasında yaşayan qonşusu Vartandan. Vartan erməni idi. Vartanı fırıldaqçılığına görə öz vətənindən qovmuşdular, o da gəlib Rövşəngilin qonşuluğunda köhnə bir evdə qalırdı.

Vartan ayaqqabı tikməkdə sənətkar idi. Amma tikdiyi ayaqqabıları elə baha qiymətə satırdı ki, heç kəs onunla alver etmək istəmirdi. Buna görə də onun malları yığılıb qalmışdı. Elə ki, eşitdi Rövşən mallarını satmaq üçün səfərə çıxmağa hazırlaşır, gəldi Rövşənin yanına. Başladı zülüm-zülüm ağlamağa ki, başıva dolanım elə bil ölmüşəm, məni yerdən götür. Yəni ki, özünlə apar səfərə, mən də mallarımı satım. Yoxsa o qədər borcum var ki, özümü öldürmək istəyirəm.

Bir başqası olsaydı, Vartana inanmazdı. Çünki o, cavanlar içərisində yalançı, fırıldaqçı, nainsaf kimi tanınırdı. Amma Rövşən çox ürəyi yumşaq olduğundan Vartanın göz yaşlarına inandı. Onu da özü ilə səfərə götürməyə söz verdi. Səhər ertədən Rövşən sevgilisi və ata-anası ilə görüşüb, halallaşıb səfərə çıxdı. Boyalı qablarını yüklədi on dörd dəvənin belinə. İki dəvəyə də Vartanın tikdiyi ayaqqabıları yüklədi, Özləri də hərəsi bir dəvəyə minib yola düzəldilər.

Az getdilər, çox getdilər, tam bir ayın tamamında gəlib böyük yad bir şəhərə çatdılar. Elə bazara təzəcə yetişmişdilər, Rövşənin qablarından bir dəvə mal elə oradaca baha qiymətə satıldı. Vartanın ayaqqabılarından isə cəmi bir cüt satıldı. Vartan içində buna çox hirsləndi. Dözə bilməyərək dedi:

-Bilirsən biz tam bir aydır ki, yollardayıq, mən çox yorğunam. Gedək yaxınlıqdakı mehmanxanaların birində dincələk, sonra yenə də gəlib alverimizi edərik. Rövşən bunu istəməsə də Vartanla razılaşdı.

Yol yoldaşları dinclərini almaq üçün karvansaraya gəldilər. Rövşən yorulduğundan uzanan kimi yuxuya getdi. Vartanın isə paxıllığından gözlərinə yuxu getmədi ki, getmədi. Səhəri diri gözlü açdı. Rövşən yuxudan ayılanda gördü ki, Vartan ondan qabaq oyanıb, rəngi də saralıb, sap-sarıdır. Nigaran soruşdu:

-Rəngin niyə bu haldadır, bəlkə naxoşlamısan? Bəlkə sənə loğman ya da dərman lazımdır, utanma de.

-Çox yorulmuşam, yorğunluğum canımdan çıxmayıb. Sən get alverinlə məşğul ol, mən də yıxılım yatım-dedi.

-Bəs eləsə onda istəyirsən mən sənin də mallarını satım-deyə Rövşən öz yaxşılığını göstərdi.

-Sənə əziyyət deyilsə, apar sat. Bu gündən sən mənim əsil dostum və qardaşımsan deyə Vartan altdan-altdan, bic-bic güldü.

Rövşənin yol yoldaşının paxıllıqdan alışıb yanan ürəyindən xəbəri yox idi. Ona görə də Vartanın hər sözünə inanırdı.

Rövşən öz yükü ilə bərabər Vartanın da yükünü gətirib bazara yığdı. Axşamdan bütün bazar xəbər tutmuşdu ki, bazara Rövşən adlı sənətkar mal gətirib, onun da qablarının tayı bərabəri yoxdur. Ona görə də heç axşam olmamış Rövşənin bütün malları satılıb, qurtarır. Vartanın ayaqqabılarından isə cəmi üç cütü satılır. Rövşən öz alverinə sevinsə də Vartanın alverinin alınmaması onu qəmginləşdirmişdi. Rövşən karvansaraya çatan kimi Vartana dedi:

-Sən heç qəm yemə, mən səni burada tək qoyub getmərəm. Neçə gün desən səninlə qalmağa hazıram, təki sənin malın satılsın.

Vartan Rövşənin bu sözlərindən güya təsirləndi və zülüm-zülüm başladı ağlamağa. Əslində isə Rövşənin bazardan bir dolu torba pul ilə qayıtması onu çox kədərləndirmişdi. Ona görə də doyunca ağlayandan sonra bir az sakitləşdi.

Ürəyində isə bu pulları ələ keçirmək üçün fürsət axtarırdı. Bir neçə gün fikirləşəndən sonra nəhayət ki, bir qurğu qurdu.

Evə qayıtmaq məqamı gəlib çatmışdı. Rövşən ata-anasına, sevgilisinə cürbəcür hədiyyələr almaq üçün bazara gəldi. Alverini edib, bazardan çıxmaq istəyirdi ki, gördü qəfəsdə bir quş satırlar, quşun tükləri hərəsi bir rəngə çalır. Satandan quşun adını soruşdu. Quşu satan qərib adamı o saat tanıdı və ona quş haqqında hər şeyi danışaraq dedi:

-Bu quşun adı Tutuquşudur. Onu elə öyrədiblər ki, o insan dili bilir. Amma quşun sahibi öləndən sonra yazıq quşcuğaz danışmağı tərgidib. Amma ola bilər ki o yenə danışsın.

Quş çapalayır, özünü qəfəsin qıraqlarına elə çırpırdı ki, sanki demək istəyirdi ki, məni bu dar qəfəsdən qurtarın, mən göylərdə uçmaq istəyirəm.

Rövşənin quşa yazığı gəldi. Satanın pulunu verib, quşu aldı və alan kimi də quşu var gücü ilə göyə tullayıb dedi:

-Sən indi azadsan hara istəyirsən uç!

Quş çox baha olduğundan bazardakılar Rövşənə dəliyə baxan kimi baxdılar. Amma heç azca keçməmiş hamını heyran eləyən bir hadisə baş verdi. Quş bir neçə dəfə göydə pərvaz edəndən sonra gəlib qondu Rövşənin çiyninə və oradaca elə oturdu ki, elə bil neçə vaxtdan bəri itirdiyi sahibini tapmışdı. Hamı bu işə mat-məətəl qaldı. Rövşən quş da çiynində karvansaraya qayıtdı.

Vartan da alverini qurtarmışdı. Rövşən evinə dönəcəyini, sevgilisinə qovuşacağını fikirləşəndə sevincindən yerə göyə sığmırdı. Qazancı isə sevgilisinin atasının istədiyindən beş qat da hələ artıq idi. Amma birdən eşitdiyi acı xəbər onu çox məyus etdi. Sarvanı – yəni karvan bələdçisini kim isə gecə ikən boğub öldürmüşdü. İndi gərək qayıtmaq üçün yad ölkədən bələdçi aparaydılar. Bələdçi axtarmaq üçün Rövşən durub bazara getmək istədi, Vartan onu qoymadı ki, mən bu yolu hər il gedib gəlirəm, bizə bələdçi zad lazım deyil. Əslində isə elə sarvanı gecə ikən boğub öldürən də elə onun özü idi.

Rövşən Vartana inanırdı. Beləcə yığışıb yola düzəldilər. Vartan səfəri gecəyə salıb, karvanı öz şəhərlərinə tərəf yox, tamam başqa səmtə - özü istədiyi tərəfə - susuz səhraya tərəf yönəltdi. Onun qara fikirlərindən hələ heç kəsin xəbəri yox idi.

İyirmi gün yol gedəndən sonra yolçuların yol üçün götürdükləri su ehtiyatı tamam qurtardı.

Rövşənin su qabının dibində bir-iki damla su qalmışdı. İstədi su ilə dodaqlarını islatsın, quşun günün altında istidən yandığını görüb suyu onun boğazına tökdü. Quş elə bil çiçək kimi solmuşdu bir anda özünə gəldi.

Rövşən bir neçə dəfə Vartana demişdi ki, axı biz gələndə bu yolnan gəlməmişdik. Vartan onu sakitləşdirərək demişdi ki, mən sizi lap qısa yolnan evinizə çatdıracağam. Rövşən də ona inanmışdı.

Artıq yolçuların heyləri qalmamışdı ki günün istisində səhra ilə yol getsinlər. Axşamın düşməsini gözlədilər. Axşam sərini düşən kimi yol getməyə başladılar. Vartan Rövşənin dəvəsini lap axıra saxladı ki, güya sən lap axırda get ki, birinin başına bir iş gəlsə ondan xəbərin olsun.

Bir az yol gedəndən sonra Vartan Rövşəni dəvədən düşürtdü ki, gəl mənimlə piyada gedək, buralarda haradasa bir su quyusu olmalıdır, mənim gözüm qaranlıqda o qədər də yaxşı görmür. Onlar belə də etdilər. Elə azca getmişdilər ki, Rövşən gördü ki, həqiqətən də yolun qırağında bir su quyusu var. İstədi haylayıb karvanı dayandırsın. Vartan onu qoymadı:

-Sən istəyirsən burada su üstündə dava düşsün? Qoy biz su bardaqlarını dolduraq, aparaq verək onlara, onlar da doyunca içsinlər, biz özümüz də sudan doyaq.

Rövşən gördü ki, Vartan ağıllı söz deyir. Əgər karvandakılar görsələr ki, burada su var, hamı bir-birini itələyəcək ki, birinci su içsin, dava düşəcək. Yaxşısı budur Vartan deyən kimi etsinlər. Sonra tez-tez gedib karvana çatarlar.

Qaranlıq olduğundan quyunun dərinliyi görünmürdü.

- Quyu elə də dərin deyil.Quyudan su götürmək üçün mütləq quyuya düşmək lazımdır. Çünki su quyunun dibindən çıxır və çox azdır. Mən quyunun başında dayanmışam. Bardaqları dolduran kimi uzadarsan, mən də səndən alaram - deyərək Vartan Rövşəni aldatdı.

Rövşən əyildi ki, quyunun dərinliyinə baxsın, Vartan arxadan itələyib Rövşəni dərin quyuya saldı. Rövşən quyuya düşəndə çiynindəki tutuquşu uçub quyunun qırağına qondu və quşun tutulmuş dili həyəcandan açıldı. Və o quyunun başına qonub su-su deyərək danışmağa başladı.

Vartan nə qədər istədisə də quşu tuta bilmədi. Və nəhayət yoluna düzəlib, gəlib karvana çatdı. Səssizcə mindi Rövşənin dəvəsinin belinə və onu karvandan ayırıb düzgün istiqamətə- yəni evlərinə tərəf getməyə başladı. Dəvənin yükü isə tamam qızıl idi. Vartan ömrü boyu işləməyib bu qızılları xərcləsəydi, elə ona bəs olardı.

On iki gün yol getdikdən sonra Vartan gəlir çatdı evinə. Dəvədən düşmək istəyirdi ki, gördü tutuquşu da dəvənin belində onunla bərabər gəlib çatıb. Çatan kimi də yalandan başlayır ağlayıb-sızıldamağa ki, yolda quldurlar qabağımızı kəsdilər Rövşəni isə qızılları ilə bərabər götürüb apardılar. Gördü ki hamı ona birtəhər şübhə ilə baxır, onları inandırmaq üçün bilmədi daha nə desin, qayıtdı ki, bax bu da onun sevimli quşudur. Rövşənin xətrinə onu səhrada qoymadım, götürüb gəldim. Qönçə quşa sığal çəkib, bağrına basdı, sevgilisinin iyini elə bil ondan aldı. Quş isə nəvaziş görüb yenə başladı su-su deməyə. Qönçə quşu aparıb ona doyunca su, dən verdi.

Quşun yorğunluğu canından çıxan kimi başladı mahnı da oxumağa. Bu həmin mahnı idi ki, Rövşən həmişə eyvana çıxıb bu mahnını Qönçə üçün oxuyardı.

Səhər-səhər eyvana çıx səni görüm,

Saçlarını oxşayaraq, özüm hörüm

Şirin dillim, incə bellim, gözəl üzlüm !

Mahnını eşidən kimi Qönçə dedi ki, bu Rövşənin quşudur mən bu quşu heç kəsə verən deyiləm.

Həmin gündən hamı başladı Rövşənə yas tutmağa, bircə sevgilisi Qönçədən başqa. Qönçə isə oğlan paltarı geyinərək, sevgilisini axtarıb tapmaq üçün səfərə çıxdı.

Qönçə Rövşənin dəvəsini tanıyırdı. Ona görə də Vartandan Rövşənin dəvəsini alıb, onunla yola çıxdı. Gedəndə tutuquşunu da özü ilə apardı. Bütün yol boyu Tutuquşu Rövşənin oxuduğu mahnını oxuyur, Qönçənin başını qatırdı.

Dəvə gəldiyi yolla da geri qayıdırdı. Əgər bir az o yan bu yan gedirdisə, tez tutuquşu hay-baraq salırdı. Qönçə də o saat başa düşürdü ki, yolu səhv gedirlər, tez dəvənin səmtini düzəldirdi.

Onlar yol getməkdə olsunlar, Sizə kimdən deyək, kimdən xəbər verək Rövşəndən. Rövşən Vartana inanıb, özünü atdı dərin quyuya. O Vartana o qədər yaxşılıq eləmişdi ki, heç ağlına belə gəlməzdi ki, Vartan ona pislik edə bilər. Amma quyunun dibinə düşəndən sonra o yol yoldaşını yaxından tanıdı. Əfsus ki, çox gec idi. Vartanı bu vaxta qədər yaxşı tanımadığına görə özü-özünə nifrət elədi. Rövşən Vartanı nə qədər hayladısa da ona hay verən olmadı. Vartanın bütün fikri qızılların yanında idi deyən, götürüldü Rövşənin dəvəsinin yanına. Rövşən Qönəçəni görmədən bu çölli-biyabanda ölüb gedəcəyini fikirləşəndə az qaldı başına hava gəlsin. Allahı, onun göstərdiyi möcüzələri yadına salıb, ümidini ondan üzmədi. Quyunun dibində su az da olsa var idi. Ondan doyunca içib, quyunun dibindəcə sevgilisini yadına salıb, xəyallara daldı. Rövşən xəyallara dalmağında olsun, sizə Qönçədən danışım.

Qönçə isti səhra ilə yol gedirdi. Rast gəldiyi karvanlardan sevgilisini soraqlayırdı. Kimsədən xoş xəbər eşitmirdi. O dincəlmədən gecə-gündüz yol gedirdi.

Birdən alaqaranlıqda Qönçənin qabağına iki nəfər yolçu çıxdı. Onlar Qönçəni danışdırandan sonra , bildilər ki, o tamam tək, köməksizdir. Sonra qılıncı dirədilər boğazına, əlində nə ki, qızılı, ehtiyat suyu var idi, əlindən aldılar. Qönçə arıq, gücsüz bir qız idi. Buna görə də yazıq qızcığaz heç səsini də çıxarmadı. Bircə quldurlardan birinin tutuquşudan xoşu gəlib götürəndə acizanə yalvardı ki, bircə ona dəyməsinlər. Amma qıza qulaq asan kim idi.

Tutuquşu da elə bil onların istəyinə bənd idi. Tez qızın çiynindən aralanıb, qondu quldurun çiyninə. Qız gözləri yaşarmış quşa dedi:

-Sən necə də etibarsız imişsən!

Tutuquşu qızın dediklərini yol boyu təkrar etdi:

-Etibarsız imişsən,etibarsız imişsən, etibarsız imişsən.

Yaxşı ki, oğlan paltarı geydiyindən quldurlar başa düşmədilər ki, qarşılarındakı qızdır. Yoxsa onu da qul kimi özləri ilə aparardılar.

Qonçə hər şeyi itirəndən sonra peşiman-peşiman gedirdi. Beləcə səhərə qədər yol getdi. Sübh yenicə açılmışdı. Qönçə bir də gördü ki, uzaqdan yerdə bir qaraltı gəlir. Əvvəlcə elə bildi ki, susuz səhrada zəhərli ilandır. Qaraltı yaxınlaşdıqda gözlərinə inanmadı. Tutuquşu iri bir torbanı uçaraq gətirməyə gücü çatmadığından, sürüyə-sürüyə gətirirdi. Susuzluqdan isti havada belə ağır torbanı sürütdüyündən təngənəfəs olmuşdu. Amma təngənəfəs olduğuna baxmayaraq elə dayanmadan təkrar edirdi:

-Etibarsız imişsən, etibarsız imişsən, etibarsız imişsən.

Qönçə torbanı açıb nə görsə yaxşıdır? Torbanın içi dolu idi ən bahalı daş-qaşla. Qönçə başa düşdü ki, tutuquşu bunları quldurlardan çırpışdırıb. Ona etibarsız dediyinə görə üzr istədi. Yalnız bundan sonra tutuquşu səsini kəsdi.

Mən isə Sizə danışım ki, tutuquşu quldurlardan daş-qaşı necə götürmüşdü?

Tutuquşu quldurun çiyninə bilə-bilə qonmuşdu ki, ondan bir yol ilə qisas alsın. Və o fikirləşdiyini də etdi. Elə ki, quldurlar gecəni yatdılar, tutuquşu onların tiryək torbalarından tiryək götürüb onların burunlarına tökdü. Bundan sonra quldurların heç nədən xəbəri olmadı.

Tutuquşu da sakitcə zərlə işlənmiş torbanı onların heybəsindən çıxarıb, darta-darta gətirdi Qönçənin yanına. Quldurlar bir də ayıldılar ki, var-dövlətləri əldən gedib. Heç ağıllarına da gətirmədilər ki, bunu edən tutuquşudur.

Qönçə qızıllardan birini verib, rast gəldikləri karvandan su alıb, quşa da verdi, özü də içdi.

İki gün də yol gedəndən sonra quyuya çatdılar. Qönçə quyunun yanından ötüb keçmək istədi. Tutuquşu isə bir haybaraq saldı ki, Qönçə istər-istəməz dayanıb quyuya boylandı. Nə görsə yaxşıdır? Quyunun dibindəki onun sevgilisi idi. Amma nə qədər hayladısa da oğlandan bir səs gəlmədi. Qız elə bildi ki, oğlan ölüb, Oturub ağlamağa başladı. Bir vaxt onu gördü ki, tutuquşu uça-uça endi quyunun dibinə. Quyunun dibindəki sudan ağzına nə qədər yerləşirdisə, başladı götürüb Rövşənin üzünə tökməyə, tökməyə. Rövşən acından huşunu itirmişdi. Üzünə atılan sudan ayıldı. Tutuquşunu görəndə çox sevindi. Sevgilisinin sevincdən qışqırığını eşidəndə isə halsız da olsa, sevindiyindən Qönçəyə qoşduğu mahnısını oxumağa başladı. Qönçə isə şadlığından ağlayırdı. Oğlan qızı sakitləşdirmək üçün dedi:

Sən orada gah ağlayırsan, gah gülürsən mən isə indi acından öləcəyəm.

Qız tez əl-ayağa düşdü. Özü ilə ip də götürməmişdi ki, quyuya sallasın. Yadına düşdü ki, heybəsində balta var. Baltanı tulladı quyunun dibinə. Rövşən balta ilə özünə ayaq yeri aça-aça quyudan çıxdı. Qönçə yol yeməyindən süfrə açdı. Rövşəni doyunca yedizdirdi. Bir də baxıb gördü ki, tutuquşu burnun salladıb, çəkilib bir tərəfə. Başa düşdü ki, quşa diqqət vermədiklərinə görə onlardan küsüb. Qız tez quşu tumarlayıb ona dedi:

-Sən heç yaddan çıxarsan, mənim sevgilimi ancaq sən xilas eləmisən. Bizim sevimli tutuquşumuz!

Bundan sonra quşun kefi kökəldi və quş başladı Rövşənin mahnısını oxumağa.

Sevgililər deyə-gülə gəlib çıxdılar vətənlərinə. El-cammat olanları eşidib gəldilər Vartanın evinə ki, onu daş-qalaq edib öldürsünlər. Amma Rövşənin insafı buna yol vermədi. Dedi ki, qoy allah onun cəzasını versin. Biz isə onu öz diyarımızdan qovaq çıxıb getsin. Vartan bunu eşidib düşdü Rövşənin ayaqlarına ki, qurban olum sənə sən çox yaxşı adamsan. Camaat yığılıb Vartanı şəhərdən qovdular.

Rövşənlə sevgilisinə isə elə bir toy elədilər ki, həmin mahalda hələ elə toy olmamışdı. Toy gecəsi qızla oğlan nə danışırdılar, tutuquşu onların dediklərini təkrar edirdi. Axırda Rövşən bezib tutuquşunu saldı bayıra ki, sən çox danışırsan, get gəz səhər gələrsən. Tutuquşu uçub pəncərədən gəldi. Axırda qızla oğlanın əlacı kəsildi quşu saldılar qəfəsə. Tutuquşu səhərə qədər «etibarsızlar» deyib, cavanlara dinclik vermədi. Cavanlar şad, xoşbəxt yaşamaqlarında olsunlar, bizim də nağılımız sona çatdı. Onlar öz arzularına çatdılar, biz də öz arzumuza çataq


Müəllif: Gülzar İbrahimova
Nağıllar siyahısına qayıt