Share...
13 Apr 2012 15:06
Həftə içi qəzeti
http://www.hafta-ichi.com/newv/2009/03/20/read=34685



70 yaşlı pedaqoq-jurnalist
Natiq Səfiyev: "Mən daim "kölgədə" qalmışam"

Müəllim adı müqəddəsdir. Bu adın qarşısında hər birimiz borcluyuq. Çünki hər birimizin tərbiyə və təhsil almasında onların üzərinə böyük məsuliyyət düşür. Ulu öndər Heydər Əliyev də müəllim sənətini qiymətləndirmiş və onlara həmişə qayğı göstərmişdir.
   
   
   
   Hamımızın ən çox jurnalist kimi tanıdığımız Natiq Səfiyevin bir pedaqoq-müəllim kimi respublika təhsilinin inkişafında böyük xidmətləri olub. N.Səfiyev 1939-cu il martın 21-də Bakı şəhərində dünyaya gəlib. İxtisasca rus dili və ədəbiyyatı müəllimidir. Pedaqoji fəaliyyətə 1962-ci ildən başlayıb. 1969-cu ildən 2008-ci ilin sonuna kimi Xırdalan şəhərindəki 1 saylı orta məktəbdə rus dili müəllimi işləyib. Müəllimliklə yanaşı, jurnalistikaya və tərcüməçiliyə də meyl göstərib. Bu günə kimi 6 kitabı və 100-dən çox elmi məqaləsi çap olunub. O həmçinin çoxlu sayda məqalə, krossvord və tərcümələrin müəllifidir. Haqqında 3 kitab və 100-dən çox məqalə yazılıb. 6 ümumittifaq pedaqoji məclisin iştirakçısı və mühazirəçisi olub. 4-cü və 5-ci mühazirələrdə II və I dərəcəli diplom, fəxri fərmanlarla vətənə qayıdıb. SSRİ Pedaqoji Elmlər Akademiyasının 1981-ci ildə keçirdiyi "Müəllim mühazirələri" müsabiqəsində 2-ci yeri tutaraq adıçəkilən akademiyanın fəxri diplomuna layiq görülüb. İşlədiyi müddət ərzində ayrı-ayrı təşkilatların 45 fəxri fərmanını, 13 yaradıcı diplomunu, 5 təşəkkür məktubunu alıb. O cümlədən Azərbaycan SSR-in "Qabaqcıl maarif xadimi", SSRİ-nin "Maarif əlaçısı" döş nişanlarına, metodist-müəllim fəxri adına layiq görülüb. Bu günə kimi N.Səfiyevin yetirmələri çox olub. Onlar cəmiyyətin müxtəlif sahələrində çalışırlar.
   
   - Eşitdiyimizə görə, Xırdalan şəhərindəki 1 saylı məktəbdə vaxtilə böyük işlər görmüsünüz.
   
   - Bəli, doğru deyirsiniz. Mən 30 ilə yaxın beynəlmiləl dostluq klubuna rəhbərlik etmişəm. Bütün dünyaya səs salan Fundamental Sovet - Bolqar Dostluğu Muzeyinin 1 saylı məktəbdə yaradılmasının təşəbbüskarı olmuşam. Bolqarıstan KP MK-nın üzvü, Bolqarıstan Teleqraf Agentliyinin direktoru Bayan Tryakov, bolqar jurnalistləri, respublikaya gələn qonaqlar, təhsil alan tələbələr, respublika və rayon ictimaiyyəti gəlib muzeyə tamaşa edərək ona qiymət vermişlər. Hətta Bayan Tryakov muzeyə tamaşa etdikdən sonra ümummilli lider Heydər Əliyevlə görüşüb söhbət zamanı muzey haqqında gözəl fikirlər söyləyib. Muzeylə bağlı mənim "Sovet Azərbaycanı" bülletenində məqaləm dərc olunub. Hətta ixtisasartırma kursunda olarkən institutun əməkdaşı Akif Qurbanov belə bir söhbət etdi: "Əlcəzairdə ezamiyyətdə olarkən sovet səfirliyinin foyesində stolların üzərində qəzet, kitab və bülletenlər səliqə ilə düzülmüşdü. Gözümə "Sovet Azərbaycanı" bülleteni dəydi. Götürüb onu vərəqləyəndə ürəyim köksümə sığmadı. Əlcəzairdə dostum Natiqin yazısını fransız dilində oxuyuram. Mən qürur hissi keçirdim".
   
   - Natiq müəllim, sizin həyat və fəaliyyətinizi mətbuat səhifələrində neçə ildir izləyirəm. Azərbaycan və onun təhsilinin dünyaya tanıdılmasında xidmətləriniz az olmayıb. Bəs bunun müqabilində bu gün zəhmətinizə qiymət verən varmı?
   
   - Əvvəla, Abşeron RTŞ-nin müdiri Nadir Ağayev mənim iş fəaliyyətimi çox gözəl bilir. Fəaliyyətimlə Təhsil Nazirliyinin rəhbərliyi də yaxşı tanışdır. Lakin mən daim "Gölgədə" qalmışam.
   
   - Bəs buna səbəb nədir?
   
   - Səbəbini hörmətli oxucular yaxşı bilir... Mən belə hesab edirəm kimin təhsil sahəsində xidməti olubsa, ona qiymət verilməyib, yəni heç nəyi yoxdur. Kimin heç bir fəaliyyəti yoxdursa, onun hər şeyi var...
   
   
   
   
Qələndər Xaçınçaylı




Bu yazı ÇAP ET.