Share...
17 Mar 2012 17:00

Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Məlahət Ağacanqızı: ANA AZƏRBAYCAN və PİŞİK ERMƏNİSTAN nağılı

Mirzə Xəzər 02 Fev 2009

no comments

melahet2

Məlahət Ağacanqızı

Bizim evdə bir ərköyün pişik var. Uşaqların hərəsi ona bir ad qoyub. Ərköyün pişik böyük bir bəla olub , keçib boğazıma. Heyvanın da vicdansızı olur. Elə ki,yağış yağır,yer palçıq olur,pişiyin könlünə gəzmək düşür. Çıxır həyətə,ayaqlarını,tüklərini palçığa bulayıb, qayıdır evə. Və başlayır ən təmiz yerlərə, ayaq izlərinin palçıqlı möhürünü vurmağa. Mən hirslənib onu cəzalandırmaq istəyəndə, uşaqların hərəsi bir tərəfdən ərköyün pişiyin keşiyində dayanır. İNGİLİS, RUS, FARS dilində danışan balaca “vəkillər” İŞĞALÇI pişiyi müdafiə edirlər. Mən məcbur olub “AĞ BAYRAQ” qaldırıram. Neçə vaxt idi pişiyə layiq ad tapmaqda çətinlik çəkirdim. Amma bu yaxınlarda pişiyə və bütün AİLƏ üzvlərinə yeni adlar qoymuşam.


Ata: TÜRKİYƏ. Ana: AZƏRBAYCAN. Uşaqlar: AMERİKA, RUSİYA, İRAN . Pişik: ERMƏNİSTAN. Gələcəkdə bu yazı əsasında bir kiçik pyes yazacağam.
Mən pişiyi -YEREVAN çağırıram. Dədə Qorqud kimi AİLƏdə hər kəsə əməlinə,xasiyyətinə görə verdiyim adlardan təkcə mənim xəbərim var.


Uşaqlar evdə olmayanda xəlvətə salıb Yerevandan hayıf almaq istəyirəm.Amma çoxbilmiş pişik gizlənir.Sanki fikrimdə olan nifrətli planı əzbər bilir. Nə vecinədi, onun Amerika,Rusiya,İran kimi dostları var. Dostları onu elə öpüb,əzizləyirlər ki,ürəyim bulanır. Pişik Yerevan növbə ilə böyütdüyüm övladlarımın –Amerikanın,Rusiyanın,İranın qucağında xumarlana-xumarlana mənə baxıb, quyruğunu tərpədir. Ah, nankor övladlar! SİZİ böyüdən, əziyyətinizi çəkən -Ana Azərbaycan olsun, amma siçan tutmağı bacarmayan pişik Yerevanı başımda oturdmusuz. Ağ südümü - qara neft kimi sorub GÜCLÜ olduz, indi məni bəyənmirsiz. Məni incidən, yurdumu viran qoyan pişiyə “CAN!” deyirsiz. Eh, axmaq dünya! Düşmən ocaq başında oturub, mən isə fil qulağında yatmışam.


Pişik Yerevan, mənim doğma evimdə ağalıq edir. İstədiyi yerdə gəzir,istədiyi yerdə yatır, istədiyini yeyir.Ağ rəngli paltarlarımı tapıb üstündə mayallaq aşır. Qara rəngli paltarlarıma ağ tüklərini yapışdırır. Güllü paltarların üstünə ağzının murdar suyunu axıdır. Evin ən təmiz yerlərini “PİŞİK TUALETİ” edib. Cəza vermək istəyəndə uşaqlar məhkəmə qurub,Yerevanı tualetdən təmiz çıxardıb , yataq otaqlarına aparırlar.


Yeni il bayramında pişik Yerevan mənə YENİ zülmlərini “hədiyyə” etdi. Ailəliklə atılan fişənglərə baxmaq üçün bayıra çıxmışdıq. Otağa girəndə gördüyümüz mənzərədən donub qaldıq. Pişik Yerevan bayram süfrəsinə, sanki BOMBA atmışdı. Əsl adına layiq hərəkət etmişdi. Ermənilər də bayram günləri lap quduzlaşır. Üzərində “2009” yazdığım tortun yeni TARİXİNİ yeyib, tortun üstündə mayallaq aşmışdı. Ağ süfrənin üzərində, kremli pəncələri ilə QUDUZ DÜŞMƏN kimi izlər qoymuşdu.


Pişik Yerevan bəzən qonşu pişiklərə qoşulub elə səslər çıxardır ki,elə bilirəm başıbatmış Elton yolunu azıb, bizim qapıya gəlib.Axşam qonşuların pişiklərə atdıqları ayaqqabıları,əşyaları paylamaq- mənim səhər idmanımdır.
Pişik Yerevan məni o qədər bezdirib ki, dişimlə-dırnağımla qurduğum EVdən baş götürüb qaçmaq istəyirəm.


Mənə etdiyi zülmləri az bilib,evimə qonaq gələnlərin də başına oyun açır.Qonaqların zənbillərində “axtarış”aparır.Ət,kolbasa,balıq olan zənbillər bir anda “yox” olur.Qonaqlar heyrətlə üzümə baxanda -mən nifrətlə pişiyi axtarıram.
Mənə məsləhət gördülər ki, İŞĞALÇI,OĞRU,YALTAQ,VİCDANSIZ...pişiyi azdırım.Uşaqlar bir hay-küy saldılar ki,bütün qonşular eşitdi.Mən utandığımdan “ATƏŞKƏSƏ” imza atdım.Və anladım ki,mən nə güclü QADINam, nə də ağıllı ANAyam.Balaca bir pişiklə bacarmayan ANA- övladlarını AZAD vətəndaş kimi böyüdə bilməz.


Ümid Ataya- TÜRKİYƏYƏ idi. Onun da başı “ERGENEKON”a bənzəyən qayğılara qarışıb.

Pişik Yerevanın zülmlərindən qurtulmaq üçün BÖYÜK TÜRK ŞAİRİ Tofiq Fikrətin “Millət Şərqisi” şeirini gündə on dəfə oxuyuram.

Çeynəndi,yetər ,varlığımız cəhl ilə qəhrə!
Doğrandı mübarək Vətənin bağrı səbəbsiz.
Birlikdə bu gün bulmalıyıq dərdinə çarə,
Can qardaşı,qan qardaşı,şan qardaşıyıq biz!
Millət yoludur,haqq yoludur tutduğumuz yol!
Ey haqq yaşa!Ey sevgili millət,yaşa !Var ol!
Gəl qardaşım,anam sana möhtac,ona çatmaq,
Çatmaq ona,qurtarmaq o bibaxtı –vəzifən!
Qarşında köksü,bağrı açıq,ölgün yatır,bax,
Onsuz yaşamaqdansa bərabər ölüm əhvən!
Hər an o gözəl sinəni xəncərləyir əllər,
İmdadına çatmasaq əgər,məhvi-müqəddər.
Zülmün topu var,gülləsi var,qələsi varsa,
Haqqın da bükülməz qolu ,dönməz üzü vardır.
Göz yumma Günəşdən ,nə qədər nuru qaralsa
Sönməz əbədi,hər gecənin gündüzü vardır!
Millət yoludur,haqq yoludur tutduğumuz yol!
Ey haqq yaşa!Ey sevgili millət ,yaşa !Var ol!
Vaxtilə baban kimsəyə minnətmi edərdi?!
Yox! Qalmadı haşa sana zillət pədərimdən.
Dünyada şərəfdir yaşadan milləti , fərdi,
Silkin ,ətalət tozu uçsun üzərindən.
İnsanlığı pamal edən alçaqlığı yıx,əz
Vallah , yaşamaq yerdə sürüklənməyə dəyməz!
Haqsızlığın hər üzünü gördük...Bumu qanun?
Ən qəmli səfalətlərə düşdük...Bumu dövlət?
Dövlətsə də,qanunsa da,artıq yetər olsun,
Artıq yetər olsun bu qədər zülmü-cəhalət...
Millət yoludur, haqq yoludur tutduğumuz yol!
Ey haqq, yaşa! Ey sevgili millət yaşa! Var ol!


Son vaxtlar uşaqlar da , Ana Azərbaycanla bərabər “Millət Şərqisi”ni oxuyurlar. Pişik Ermənistan qorxusundan “miyo” da eləmir.

Əvvəlki məqalə: Demokratik qüvvələr ulu öndər Rəsulzadənin 125 illik yubileyini onun ata yurdunda qeyd etdilər

Sonrakı məqalə: QARABAĞ və RESPUBLİKA UĞRUNDA HƏRƏKAT OQTAY ƏSƏDOVU REFERENDUM QƏRARINI LƏĞV ETMƏYƏ ÇAĞIRIR

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3847

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin