Share...
14 Apr 2012 14:07
 Bizi qələbəyə səsləyən millətlər - “Müasir İnkişaf” İctimai Birliyi
Məqalələr
Facebook




Sorğu

Azərbaycan-Türkiyə-İran birliyini real hesab edirsinizmi?

Bəli (8)
Xeyr (4)
Bilmirəm (0)



Ən çox oxunanlar
ARXİV
Dost saytlar
Sayğac

free counters

Baxış bucağı
Şiriftin ölçüsünü dəyiş

Bizi qələbəyə səsləyən millətlər

    
Şəbnəm Xeyrulla

9 fevral 2012-ci il - 30 mart 2012-ci il

    Ötənlərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alan rəfiqəmlə etdiyim söhbət məni toxunacağım mövzuda yazmağa məcbur etdi. Deməli, rəfiqəm universitetlərindəki bir qrup tələbənin, o cümlədən özünün də qarşıdakı aylarda Türkiyədə tələbələr arasında keçirələcək beynəlxalq mədəniyyət festivalına hazırlaşdığını danışırdı. Ondan uğurlu nəticəyə nə qədər ümidləri olduğunu soruşanda cavabı belə oldu: "Deyirlər ki, ermənilər də o festivalda iştirak edəcək. Onlardan yaxşı yer tutaq, başqa heç nə istəmirəm. Elə müəllimlərimiz də zarafatla tapşırıb ki, ermənilərdən pis nəticə olsa, geri qayıtmaya bilərsiniz."
    Bəli, nədənsə bizim qazandığımız qələbələr, əldə etdiyimiz uğurlar yalnız bir meyarla ölçülür - ermənidən üstün olmaqla. Hər hansı turnirdə, çempionatda qalib gələn idmançımızın uğuruna yalnız o anda ürəkdən sevinə bilirik ki, rəqibi erməni olsun. Sizə əminliklə deyirəm ki, 1/8 mərhələdə erməniyə qalib gəlmiş bir boksçunun qələbəsi bizi dünya çempionu olmuş, lakin qarşısına erməni rəqib çıxmamış idmançının uğurundan daha çox sevindirir. Bu xəbərə elə əzəmətli, təmtəraqlı başlıqlar da tapırıq ki: "Erməni idmançını diz üstə çökdürən azərbaycanlı", "Daha bir ermənini darmadağın etdik", "Ermənilər meydanı ağlayaraq tərk etdilər" və s.
    Elə ötən il Avroviziya mahnı müsabiqəsində qələbə əldə etməyimiz də bizi başqa bir səbəbdən daha artıq sevindirmişdi - ermənilər heç final mərhələsinə belə vəsiqə əldə edə bilməmişdilər. Başqa sözlə, bizi finaldakı güclü rəqiblərimizdən üstün olmağımız deyil, ermənilərin həmin finala keçə bilməməsi fikri daha xoşbəxt edirdi.
    Aşpazımız hansısa yarışmadan qayıdan kimi fəxrlə "mənim hazırladığım yemək ermənilərin bişirdiyindən dadlı oldu" deyir. Musiqiçilərimiz qastrollarının, konsertlərinin nəticələrini aşağıdakı kimi təqdim edirlər: "Elə gözəl ifa etdim ki, ermənilər məndən sonra səhnəyə çıxmağa ürək eləmədilər". Və ya alimimiz hansısa elmi simpoziumdakı nitqindən ermənilərin necə qorxduğunu fəxrlə deyir. Mən hələ hətta bəzi dövlət rəsmilərimizin açıqladığı statistik rəqəmləri ermənilərin oxşar statistikası ilə müqayisəsini demirəm. Bəli, bu siyahını çox uzatmaq olar.
    Hərdən bu "ermənidən üstün olmaq" işinə o qədər aludə oluruq ki, adamın erməninin güclü, ağıllı, bacarıqlı, istedadlı olması üçün dua etməyi gəlir. Bu sözü pis başa düşməyin. Çünki erməninin güclü olmasını arzulamağım dolayısı ilə özümüzün daha güclü görmək istəyindən doğur. Axı onların necə olmasından asılı olmayaraq, əvvəl-axır biz onlara qalib gələcəyik. Başqa cür heç mümkün də deyil!
    Bir sözlə, bizim üçün bütün fəaliyyətimizdə yalnız bir meyar mövcuddur: ermənidən üstün olmaq! Yox, bu düşmənlərimizin dediyi kimi, "ermənifobiya" əlaməti deyil. Məncə, bütün bunlar əsl qələbənin yoxluğundan yaranmış boşluğu doldurmaqdan ötrüdür. Və belə görünür ki, cəbhə xəttində - Qarabağ döyüşlərində qələbəni əldə etməyənə qədər hələ çox belə uğurları bayram edib özümüzə təsəlli biləcəyik.

P.S. Ötən günlərdə internet portallarının birində qarşıma belə bir xəbər başlığı çıxdı: "Boksçularımız fransızları darmadağın etdi". Xəbəri oxuyanda idmançılarımızın hansısa turnirdə fransız boksçularına qalib gəldiyini öyrəndim. Xəbərin şərh hissəsində isə sadə vətəndaşların sevinc dolu fikirləri yer alırdı. Hamı bir ağızdan ermənipərəst fransızlara qalib gəldiyi üçün idmançılarımızı alqışlayırdı. Mən də sevindim. Qələbəmizə görə deyil, bizi yeni qələbələrə stimullaşdıran ermənilərin sıralarına daha bir millətin daxil olmasına görə.
 

Bu yazı 51 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :