Share...
11 Feb 2012 16:07

İlham və Fərizənin nağılı

(Nağıl)

Biri var idi, biri yox idi, İlham adlı bir cavan oğlan var idi. O, atasını erkən itirmiş, on dörd yaşından atasız qalmışdı. Elə o yaşdan da dəmirçilik peşəsini öyrənərək zəhmətə alışmış, anasını və bacılarını dolandırmağı öz üstünə götürmüşdü.

İlham çox güclü olduğundan dəmirçilik sənətinin öhdəsindən məharətlə gələrdi. Zəhmətə alışdığından bir an belə işsiz qalmazdı. Uzaq-uzaq yad ellərdən, obalardan urus, erməni, yəhudi, tat və ayrı-ayrı yadellilər bu dəmirçinin yanına gələr, ona qılınc, qalxan, ox, kaman və başqa sursatlar düzəltdirərdilər. İlham heç kəsə fərq qoymaz, yanına gələnləri razı yola salardı. Düzəltdiyi hər bir sursatın kiçik bir yerində isə özünün dəsti xətli naxışı ilə adını yazardı. Cavan dəmirçi yorulmadan işləyər, öz şöhrəti ilə fərəhlənərdi.

Həmin obada İlhamgilin qonşuluğunda Fərizə adlı bir qız da yaşayardı. O obanın ən gözəl və ağıllı qızlarından biri idi. Onun şəvə kimi qara saçları, iri, gözəl gözləri var idi. Uca boyu, incə beli baxanı heyran edərdi. Aya deyərdi, sən çıxma mən çıxım, günə deyərdi, sən çıxma mən çıxım. Qız həm də bütün günü işləyər, ev, həyət işlərində anasına kömək eləyərdi. Kəndin cavanlarının hamısının gözü onda idi. Bir dəfə Fərizəni anası göndərir dəmirçinin yanına ki, axıdan səhənglərini düzəltsin. Fərizə səhəngi götürüb gəlir emalatxanaya-İlhamın yanına. İlham səhəngi düzəldəndə Fərizə baxıb görür ki, oğlan çoxlu qılınc, qalxan düzəldib yığıb bir tərəfə. Qız duruxur. Qızdan xoşu gələn İlham onu danışdırmaq bəhanəsilə soruşur:

-Rəngin niyə saraldı, qonşu qızı, olmaya qılıncları görüb qorxdun?

Fərizə qorxa-qorxa deyir:

-Sən bunları düzəldirsən ki, adamlar bir-birlərini öldürsünlər?

-Mən dəmirdən hər şey düzəldirəm, səhəng də, qazan da, soba da, qılınc da, qalxan da, ürəyin nə istəsə.

-Kəndimizdə hamı danışır ki, sən çox yaxşı, zəhmətkeş oğlansan. Amma yaxşı oğlan adam öldürmək üçün bu qədər qılınc düzəltməz.

İlham Fərizənin sözlərinə ürəkdən gülür. O, səhəngi düzəldə-düzəldə qızla söhbət eləyir. Səhəng hazır olub qurtaran kimi Fərizə çıxıb evlərinə gedir.

İlhamın qonşuluqda yaşayan Fərizədən çoxdan xoşu gəlirdi. Amma heç vaxt fürsət tapıb ürəyini ona aça bilmirdi.

Fərizə emalatxanadan gedəndən sonra qızın gözəl surəti oğlanın gözləri önündən getmədi. İlham başını heç nə ilə qarışdıra bilmir, bütün günü qız haqqında fikirləşirdi. O, evə gələndə dərdini özündən kiçik bacısı Gülbənizə dedi. Gülbəniz də qardaşını öpüb arxayın elədi ki, bu axşam mütləq Fərizəyə hər şeyi açıb deyəcək.

Gülbəniz Fərizəyə qardaşının sevgi xəbərini çatdıranda qız hirslənmiş, «mən adam öldürmək üçün qılınc düzəldəni ürəyimə yaxın büraxa bilmərəm», demişdi.

Bir neçə müddət İlham Fərizənin dərdindən dəli-divanə gəzir. Oğlanın güclü məhəbbəti axır ki, qızın ürəyini ovsunlayır. Fərizə oğlanı görəndə əvvəlki kimi qaçıb gizlənmir, nazlı-nazlı onun üzünə gülümsəyirdi.

Sevdiyi qız ilk dəfə bulaq başına, İlhamın görüşünə gələndə isə oğlan sevindiyindən az qala uçmaq istəyirdi. Bu görüşdən sonra onlar tez-tez bulaq başında, meşədə görüşər, həyatlarının ən gözəl günlərini yaşayardılar.

Hər iki sevgilinin çox xoşladığı bir görüş yerləri var idi. Onlar qayalığın başında uzanar, qayadan aşağıdakı gur çayın axmağına tamaşa edərdilər.

Çayın qırağında çox vaxt iki canavar gəzişərdi. Onların biri düm ağ rəngdə, o birisi isə qapqara idi. Canavarlar heç vaxt ayrı gəzməz, həmişə bir yerdə olar, bir-birlərini duz kimi yalayardılar.

Bir dəfə onlara göz qoyan Fərizə sevgilisinə demişdi:

-İlham, deyirlər canavarlar öz sevdiklərinə çox sadiq olurlar. Onların əgər biri ölürsə, digəri ya özünü onunla birgə tələf edir, ya da ölənə qədər heç bir canavara yaxın düşmür.

-Bu camaatın uydurmasıdır, sən belə avam danışıqlara inanma,- deyə, İlham qızın qanının qaralmağını istəməmişdi.

Amma İlham özü də Fərizə ilə bu canavarların hərəkətlərinə baxmaqdan doymazdı.

Qara canavar bir yerdən yeməli bir şey tapan kimi gətirib onu ağ canavara verərdi. Onlar adam kimi üzbəüz oturar, yorulmadan bir-birlərinə baxıb, yavaşcadan ulayardılar.

Bir dəfə İlhamla Fərizəni sarsıdan bir hadisə olmuşdu. Onlar həmişəki kimi qayanın başına çıxmış, amma gördükləri mənzərədən çox qəmgin olmuşdular.

Qayanın aşağısında ağ canavar al-qanına boyanmış halda yerə uzanmışdı. Onun həmişə qar kimi ağ, uzun tükləri al-qırmızı qandan qırmızıya boyanmışdı. Özünü itirmiş qara canavar isə onun başına fırlanırdı. O, gah öz yaralı sevgilisinin başı üstündə dayanıb ulayır, gah onun yarasının qanını yalayır, gah da yaranın üstündə olan oxdan yapışıb, dartıb çıxartmaq istəyirdi.

Bu dəhşətli mənzərəni görəndə Fərizə hönkür-hönkür ağlamışdı. Dəmirçiləkdə bərkimiş İlham da gördüyündən çox pis bir hala düşmüşdü. O, Fərizədən utanmasaydı, gördüyünə özü də hönkür çəkib ağlayar, ürəyini boşaldardı.

İlham və Fərizə iki gün qayanın başına qalxanda eyni mənzərəni görürlər. Üçüncü gün sevgililər qara canavarı görəndə lap pis oldular. Artıq qara canavarın səsi tutulmuş, ulamağa gücü qalmamışdı. Onun özü də xeyli balacalaşmışdı. O, əvvəlki kimi ağ canavarın başının üstündə oturmuşdu. Birdən qara canavar istədi qalxsın ayağa, amma gücü olmadığından təzədən yıxıldı. Bir neçə dəfə yıxılıb qalxandan sonra nəhayət ki, gücünü toplayıb durdu. Pəncələrini güclə sürüyə-sürüyə, kəsə yolla qayaya qalxmağa başladı.

Bunu görən İlhamla Fərizə çəkilib bir yerdə gizləndilər. Qara canavar çox çətinliklə də olsa qayanın başına çıxdı. O, boynunu göyə qaldıraraq bir neçə dəfə uzun-uzadı uladı. Sanki göylərdən kömək dilədi. Sonra yenə ulamaq istəyəndə səsi çıxmadı. Əyilib qayanın başından sevgilisinə baxdı. Qara canavar adam kimi ağlayır, onun daha işıldamayan gözlərindən yaş tökülürdü. O, elə ağlaya-ağlaya da özünü qayadan yerə atdı.

İlham və Fərizə yerlərindəcə donub qalmışdılar. Onlar inana bilmirdilər ki, heyvanda bu cür sevgi ola bilərmiş. Elə həmin qayanın başındaca İlham və Fərizə əbədi məhəbbətə and içdilər və bir-birlərinə ömürləri boyu sadiq olacaqlarına söz verdilər. Sonra isə qayadan düşüb, hər iki canavarı bir yerdə basdırdılar.

İlham və Fərizənin bir-birlərinə olan sevgiləri günü-gündən artır, el-obanın dilinə düşürdü. İlhamın anası Bağda arvad oğlunun aşiq olduğundan xəbər tutan kimi, Fərizəyə elçi düşərək, cavanlara tez bir vaxtda toy elədi.

Bu xoşbəxt günü çoxdan bəri gözləyən İlham və Fərizə gözəl zamanlarını yaşamağa başladılar. Onların xoşbəxtliyini hamı görür, onlara «bəxtəvərlər» deyirdilər.

İlham emalatxanasında əvvəlkindən də həvəslə işləyir, özlərinə daha da gözəl ev tikmək üçün çoxlu pul qazanmaq istəyirdi.

Təzə gəlin hər gün cavan ərinə emalatxanaya yemək gətirərdi. O, həmişə İlhamın düzəltdiyi qılınclara baxar, qaş-qabağını tökərdi:

-Sən yenə də adam öldürmək üçün qılınc düzəldirsən?

İlham isə sevimli arvadının könlünü alardı. Sonuncu dəfə isə o, Fərizəni lap sevindirmişdi:

-Fərizəm mənim, bax mən bu əllərimlə bir gün balamıza beşik də düzəldəcəyəm.

Bu sözləri eşidən Fərizənin qaş-qabağı açılmış, hirsi soyumuşdu. Çünki onun ana bətnində körpəsi var idi.

İlhamla Fərizə çox mehriban idilər. Bir-birlərinə can deyib, can eşidərdilər. Süfrə arxasında onlardan biri oturmasaydı, o birisinin boğazından yemək getməzdi.

Fərizə özünü çox xoşbəxt sayırdı. Xoşbəxtliyini itirəcəyindən həmişə qorxurdu.

İlham ondan da çox bəxtəvər idi. Neçə illərdən bəri sevdiyinə qovuşması onu ruhən göylərə qaldırmışdı. Emalatxanada işlədiyi vaxtda o hər an Fərizə üçün darıxır, evə qaçmağa can atırdı. Evləndiklərindən sonra onların sevgisi adiləşmək əvəzinə günü-gündən artır, bir-birlərindən bir an belə ayrı qalmaq onlar üçün çətinləşirdi.

Camaat danışırdı ki, mahalda hələ bu cavanlar kimi bir-birini belə sevən olmayıb. Cavanların anaları Bağda ilə Afeliya övladları İlhamla Fərizədən danışanda, «allah onların sevgisini bəd nəzərlərdən qorusun» deyər, başlarına üzərrik dolandırıb yandırardılar.

Dünyada bütün xoşbəxtliklərin və bədbəxtliklərin axırı olduğu kimi, bir gün cavanların bu sevgilərinin də axırı gəlib çatdı.

Bir səhər obanı qara xəbər bürüdü. Uruslar və ermənilər birləşərək , soyğunçuluq və qarətçilik etməkdən ötrü qəfildən dinc oba camaatının üstünə gəlmişdilər. Həmişə erməniləri özlərinə kiçik qardaş, urusları özlərinə böyük qardaş sayan, obanın azərbaycanlıları bu gözlənilməz xainlikdən donub qalmışdılar.

Yerli camaat yaraqlanana qədər düşmənlər obaya od vurdular, uşaq demədilər, qoca demədilər, bir tərəfdən rastlarına keçənləri qılıncdan keçirtdilər. Obanı çapıb-taladılar.

İlhamın emalatxanası yolun üstündə idi. Düşmənlər gələndə İlham emalatxanada idi. Döydüyü dəmirin səsindən başqa heç bir səs eşitmirdi. Bir də başını qaldıranda həmişə İlhama, «sən mənim qardaşımsan» deyən urus dostu Stepanı və erməni dostu Valodu gördü. Onlar təpədən-dırnağacan yaraqlanmışdılar. İlham soruşdu ki, nə olub, Stepan cavab vermədən İlhamın özü düzəltdiyi qılıncı qəfil qaldırıb onun başına endirdi. Volod isə İlhamın ona bəxşiş düzəldib verdiyi nizəni onun ürəyinə sancdı.

İlham qan içərisində can verir, amma bu halında da yalnız Fərizəsindən başqa heç nə fikirləşmirdi. O, gözlərini yummuş halda dodağının altında danışır, «Fərizəm, hardasan» deyirdi.

Düşmənlər istədikləri qəniməti ələ keçirəndən sonra elə bil qeybə çəkildilər. Obada qan su yerinə axırdı. Hər yanda qan gölməçəsi yaranmışdı. Vay-şivən səsi göyləri lərzəyə gətirmişdi.

Hər yerdə sağ qalanlar doğmalarını axtarırdılar. Fərizə İlhamdan çox nigaran idi. O, bilirdi ki, İlham sağ olsaydı, mütləq onu axtarıb tapmalıydı. Bu fikirlə gəlin emalatxanaya qaçdı. İlhamı qan içində görəndə naləsi yeri-göyü titrətdi. O, sevgilisinin ürəyinə saplanmış qılıncı çıxartdı. Qılıncın tiyəsində «İlhamdan Voloda bəxşiş» yazısı nəqş olunmuşdu. Fərizə sevgilisinin başını dizi üstə qoyub onu oxşamağa və ona layla deməyə başladı. İki gün dizləri üstündə onun başını sığalladı. Üçüncü gün obanın ağsaqqalları İlhamı basdırmaq üçün zorla meyidi gəlinin əlindən aldılar.

Fərizə ayağa durmaq istədi. Dizləri əsdi, yerə yıxıldı. Onun ağı deyib ağlamaqdan gücü qalmamışdı. Başı gicəllənir, ayağa qalxanda təzədən yerə yıxılırdı. Fərizə son gücünü toplayıb, yerindən qalxdı.

Camaatın başı İlhama qarışdığından, Fərizə heç kəsin yadına düşmürdü. Qız sakit-sakit qayaya tərəf yeriməyə başladı. Bir anlığa İlhamla canavarları basdırdıqları yerdə dayandı, sonra isə çətinliklə də olsa qayanın başına çıxdı. Qayanın başında İlhama verdiyi əhdi yadına saldı. «Mən əhdimizi unuda bilmərəm, İlham», deyib, özünü qayadan yerə atdı.

İlham və Fərizəni bir qəbrə qoyaraq, onları qayanın başında, obanın ən uca yerində basdırdılar. Sevgililərin ruhları əbədi qovuşdular.

İndi də sevənlər, sədaqət rəmzi olan həmin qəbrin üstünə gedib, əbədi sevgiyə and içirlər.


Müəllif: Gülzar İbrahimova
Nağıllar siyahısına qayıt

Nadir şah
Nadir şah avar gözəlinə o qədər vurğun idi ki, onu canının bir hissəsi sayır, özünün yarısı hesab edirdi. Buna görə də şah sevgilisinin adını da dəyişdirib Nadirə qoymuşdu.