Siz özünüzü uşaq yazıçısı hesab edirsinizmi?

Siz özünüzü uşaq yazıçısı hesab edirsinizmi?

( ”Tonqal” uşaq qəzeti üçün müsahibəni hazırladı Atanur Nəbili)

Sual: -- Eluca xanım siz Azərbaycanın özünəməxsus yeri olan yazıçılarından birisiniz.Yazıçı olmaq istəyi sizdə nə vaxtdan baş qaldırıb?

 

Cavab: -- Qızım, bu sözünlə sən məni çox yüksək qiymətləndirirsən. Özüməməxsus yerim olduğunu deməklə yadıma salırsan ki, balaca dostlar qarşısında çox məsuliyyətli olum.

Yadıma gəlir ki, uşaq olanda özümdən çox şeylər uydururdum. Qəribə şeylər arzulayırdım, amma çox vaxt bunu dostlarıma demirdim. Qorxurdum mənə gülərlər. Axı onlar mənim kimi düşünmürdülər. Yalnız oyunlar qurar və onu oynayardılar. Amma mənim fantaziyalarım oyuna yaramırdı. Onlar bir qədər də nağılvari idi. Yəni həyata keçəsi, oyunda reallaşası hadisələr deyildi. Həm də o vaxtlar bütün bunlar yazıya köçmürdü. Sadəcə beynimin bir küncündə yığılıb qalaqlanırdı. İlk şerimi yeddinci sinifdə oxuyanda yazdım, onda 13 yaşım vardı. On ilə yaxın şeir yazdım. O zamanlar elə bilirdim daim şeir yazacam. Amma sonra hekayələr yazdım. Açığını deyim ki, hələ ilk fantaziyalarımı quranda istəyirdim onları yazıya köçürüm. Ancaq yazı formasını seçə bilmirdim və sənətkarlıq vərdişim də olmadığı üçün düşündüyümü yazıya almaq məndən ötəri çətin idi. Sənə deyim ki, içimdə bir səs vardı, o mənə pıçıldayırdı ki, yazıçı olacam. Sözsüz ki, bu mənim yazıçılığa olan həvəsim idi, səs şəklində qulağıma dəyirdi.

 

Sual: -- Ən yadda qalan uşaqlıq xatirəniz?

Cavab: -- Qəribə də olsa, deyim ki, uşaq vaxtı bioloq olmaq istəyirdim. Təbiiəti çox sevirim və daim bağda, çöldə olan gül - çiçəkləri toplayar və çox vaxt da onları qurudub saxlayardım. 6 yaşım olanda atam Bakidan qırmızı, balaca balıqlar almışdı. Onlara mən baxırdım, akvarumda yaşayırdılar. Onlara yaxşı qulluq edirdim. 5 yaşım olanda isə menden böyük 2 bacım qışda küçədən balaca, anadan təzə doğulmuş, hələ gözləri tam açılmamış körpə pişik balası tapmışdırlar. İndiki kimi yaxşı yadımdadır, özü də elə dəhşətli yağış yağırdı ki, gəl görəsən. Evdə çox təkid etdilər ki, onu rədd etsinlər, balacadı, tükləri tökülür. Nə bilim, daha nələr dedi böyüklərimiz. Dedilər ki, anasın tapın, atın yanına. Amma bacılarım ağladı. Nənən camışdan süd sağıb bacılarıma verdi, onlarda zavallıya nəlbəkidə içirtdilər. O göz açıb, böyüdü. Əvvəllər bacılarım onu hamıya qısqanırdı, mənə də həmçinin. İmkan vermirdilər ki, ona yaxın gedib oynadım. Çox sevimli idi, üstündə ağ, qara, sarı və qəhvəyi rənglər vardı. O məndən ötəri bir dünya möcüzə idi. Ona canlı oyuncaq kimi baxırdım, yeyir, yeriyir, adama diqqətlə ardıcıl baxandan sonra bir dəfə gözlərini yumub, sonra tənbəl - tənbəl açırdı. Bir sözlə, başqa dünya idi. Amma sonra bacılarım ona baxmadı, atdılar. Bu fürsətdən istifadə edib, ona tam yiyələndim. Hər dəfə balıqların suyun dəyişəndə yanımda olurdu. Əslində həmişə yanımda olurdu, dərs oxuyanda da qucağımda otururdu, bir əlimlə onu sığallayırdım.
Balıqlar həmişə təzə suya düşəndə atlanarlar. Nə boyda balıq olsa da, lap bir tonluq olsa da. Bir gün suyu dəyişəndə balığın biri atlandı, mən al atıb onu götürüncə pişik məndən zirək tərpəndi və onu qapıb qaçdı. Mən də ona qışqırdım, bir həftə yanıma gəlmədi, məndən gizləndi. Amma ondan çox küsülü qala bilmədim, özüm barışdım. Həyətdə məndən uzaqda durub, mənə baxırdı. Üzü yox idi yanıma gəlsin. Evdən ət oğurlayıb ona yedizdirdim.. Sonra tumarlaya -tumarlaya dedim ki, yaxşıdı ki, sən səhvini başa düşmüsən. O, on dörd il yaşadı. Qocalıb öldü, öləndə çox kədərliydim. Evimizin dalında oturub, bir xeyli ağladım. Onda on doqquz yaşım vardı. Amma mənə eləgəldi ki, məhz həmin günü uşaqlığım bitdi. Axı o mənim uşaqlığımın canlı oyuncağı idi.

Sual: -Siz özünüzü uşaq yazıçısı hesab edirsinizmi?

Cavab: -- Yox, qətiyən! Mən sadəcə uşaqlar üçün yazıram. Amma uşaq yazıçılığını boynuna götürmürəm, çünki bu çox ağır məsuliyyətdir. Bilirsən niyə? Uşaqlar çox hərəkətdə olur. Adam gərək yazılarında o hərəkəti canlandıra bilsin. Amma adam yaşlaşdıqca hərəkətləri süstləşir, ona görə də daha çox düşüncəyə yer verir. Bu cür yazmaqla uşaqların tələbin ödəmək olmaz. Axı siz, mənim balaca dostlarım, çox həssassınız. Siz məyər hər yazılanı oxuyursunuz?! Mən uşaq yazıçılarını qəhrəman hesab edirəm. Özləri böyüsələr də, uşaq saflığını qələmlərində ustacasına verirlər.

Sual: -- Yaradıcılığınızdan bir nümunə...

Cavab: -- Yəqin ki, uşaqlarla bağlı olan yazılarımı nəzərdə tutursan. Elə isə mən "Körpə düşüncəsi"ni nümunə göstərirəm.

 

Sual: - "Tonqal"ın oxucularına tövsiyələriniz...

Cavab: -- Daim mütaliə etsinlər. Mütaliə insanın dünyagörüşünü artırır və sən daim yeni aləmlə tanış olursan. Mən dünyanın sirrini kitablardan öyrənirdim.

Bir də oxuduqlarını dostlarına danışsınlar, onda yaxşı fikir mübadiləsi edərlər.

"Tonqal"ın oxucularına tonqal odu olmağı, tonqalda kösöv, köz olmağı arzu edirəm. Arzu edirəm heç vaxt kül olmasınlar. Bizə daim yanan və yandıran odlar lazımdır. Axı bu həqiqətdir ki, uşaqlar bizim gələcəyimizdir. Mən odlu gələcək istəyirəm.

 

KÖRPƏ DÜŞÜNCƏSI

 

 

– Xala, ermənilər əl-üzlərini yuyurlar?

Uşağın qəflətən verdiyi sual məni düşünməyə vadar etdi. Çünki nə erməni, nə də əl-üz yumaq haqda heç bir söhbet getmirdi. O, televizora baxırdı, mən isə onun sevimli nağıl kitabı olan “Qrim qardaşlarının nağılları”ından birini: “Canavar və yeddi çəpiş” nağılını gözdən keçirirdim. Hər gecə yatmamışdan qabaq ona nağıllar oxuyurdum. Ötən axşam bu nağılı danışdığım zaman o, çox gülmüşdü. Gülüşləri qanadlanıb qonşu otaqların divarlarından da yol açıb keçmişdi, bütün mənzildə özünə məskən salmışdı. Bu hal mənə də xoş gəlmişdi. Elə bu səbəbdən də fikirləşirdim bu axşam da təkrar həmin nağılı danışım. Amma onun sualı məni fikrimdən ayırdı.

– Hə, ermənilərdə əl-üzlərini yuyurlar.

– Bəs niyə onlar murdardırlar?

Onun yaşının azlığı imkan vermirdi ki, düşünüb onu narahat edən suallara cavab tapsın. Axı, dəcəlim çox balacadı – heç beş yaşı olmayıb. Bunu nəzərə alıb izah etməyə başladım:

– Adamın ürəyi murdar olanda, o bütün bədənə qan vasitəsi ilə yayılır və əl-üzünü nə qədər yusa da, təmizə çıxmır. Axı, su hər çirki yuyub aparmır.

İnsanların bir-birinə sevgisi insanlığın təməl tələbi olduğunu dərk etsəm də, amma qarşımdakı körpə fidana bunu başa salmaq indi məndən ötrü çox çətin idi. Həm də çətinlik onda idi ki, o, nəzəri fikirləri nə mənimsəyə bilirdi, nə də bizim uşaqlıq dövrümüzdən fərqli olaraq, mənimsəyə bilmədiyini əzbərləyirdi. Zaman keçdikcə, zamanla birgə həyati tələblərdə nəsillərin yaddaşına öz izini salıb, həyat tərzlərinə təsir edir. Fikir verirəm ki, o həmişə, bizim nəsilin uşaqlığından fərqli olaraq gördüyü gerçək hadisələrin təhlilini tələb edir.

İndi isə “ermənilər niyə murdardır?” sualının onda hardan doğmasının kökünü düşündüm. İstər-istəməz baş vermiş son hadisənin izi ilə getdim. Qonşumuz İdris müəllimin oğlu Elnurun əsgərlikdən ölüm xəbəri gələndə məhəllə bir-birinə qarışdı. Ağlaşma, səs-küy, fəryad, daha nələr eşitmədi onun qulağı. Ermənilərin Ağdamdan çıxarkən torpağa basdırdığları minaya düşüb başı parça-parça olmuşdu zavallı oğlanın. Qızçığazsa sakit, kirimiş, matdım-matdım baxıb, danışanların ağzından xəyanət, riyakarlıqla bağlı söhbətlərini yaddaşına yığırdı. Yığıb-yığışdırdıqlarını öz-özlüyündə çözə bilmədiyi üçün sual doğmuşdu. Elə ermənilərin niyə murdar olması da görünür ona çatmamış, bir nöqtədə düyünlənib izah tələb edən suala dönmüşdü. Onun murdarlığı dərk etməsindən ötrü bu gecə “Əlibaba və qırx quldur”un nağılını oxumağa başladım.

Əməyim nəticəsiz qalmadı. Nağıl kitabını bağlayanda o dilləndi:

Qasım murdardı, Əlibaba yaxşı adamdı, – deyib ordakı surətlər arasında çeşidləmə apardı.

Görəsən böyüyəndə o hansından olacaq? Hər halda verdiyimiz tərbiyə ilə işıqlı yol seçmək üçün özünüdərkə kömək etməliyik.

 

 

1 İnam Günü, Sərt Ayı,

01.12.02


Şərh yazın

SmileCoolCrying or Very SadEmbarrassedA Smoker/Foot in mouthSadUser is an angel (at heart, at least)A Kiss/Lips Are SealedLaughingBiting one's tongue/Put Your Money Where Your Mouth IsBeen Smacked In The Mouth/Wears A Brace/My lips are sealeSurprisedSticking Out TongueConfusedWinkYelling
Ad:
Mövzu:
Şərhlər: